Siyasi məhbus Samir Babayev cəza çəkdiyi Umbakı ciddi qapalı rejimdə cəza karserinə salınıb. Bu barədə məlumatı ailəsi bildirib. Dekabrın 7-də Samir Babayevlə görüşə gedən ailə üzvülərinə həbsxanadan görüşə qadağa qoyulub.
Müəssisə bunu görüş üçün müəyyən olunmuş zamanın tamam olması ilə əlaqələndirib.
Həyat yoldaşı görüşə getməzdən bir neçə gün öncə Samir Babayevlə telefon əlaqələri qurduqlarını, vaxtın Samirin özü tərəfindən müəyyən edildiyini bildirib. O, əlavə edib ki, tarixlə görüş müddəti üçün ayrılan zaman görüşə imkan verdiyi halda nədənsə müəssisə görüşə razı olmayaraq belə bir arqument səsləndirib.
Bu gün (13 dekabr) həbsxanada cəza çəkən məhbuslardan birinin ailəsi S. Babayevin həyat yoldaşına bildirib ki, Samir dekabrın 7-dən karsa salınıb. Ona görə də ailənin görüşünə icazə verilməyib. Tərəf Samirin hansı səbəbə və hansı müddətə qədər karserdə qalacağı haqqında məlumata malik olmadığını bildirib.
Ailə Samirin durumu ilə bağlı Umbakıya, Penitensiar Xidmətin qaynar xəttinə müraciət etməyə çalışsa da heç bir məlumat əldə edə bilməyib. Samir Babayevin 75 yaşlı anası oğlunun vəziyyətindən narahatdır və o, sabah Umbakıya gedərək onun hansı səbəbdən karserə salınmasını aydınlaşdırmaq məcburiyyətindədir.
Xatırladaq ki, 2022-ci ilin 2 dekabrında saxlanılan MBH fəalı Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi bu ittihamla müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi.
2024-cü ilin 13 yanvarında 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən siyasi məhbus burada özbaşnalıqlara etiraz səbəbindən qısa müddət sonra o, məhkəmə önünə çıxarılır və 1 il müddətinə ciddi qapalı rejimli həbs cəzasına məhkum edilərək Umbakıya köçürülür.
Samir Babayev karserə salınıb