Həbsdə olan jurnalist Əziz Orucovun səhhəti ağırlaşıb

Həbsdə olan Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun səhhəti yenidən pisləşib.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Lamiyyə Orucova bildirib.

“Əzizin nevroloji problemləri yenidən baş qaldırıb. Sol əlində əsmələr var. Əlini sabit saxlaya bilmir. Demək olar ki, yatmır, bu da qan təzyiqinin gün ərzində yüksək olmasına səbəb olur. Bütün günü 180 təzyiqlə keçirmək nə deməkdir? Təzyiqin yüksək olmasında böyrək faktoru da var. Əziz xroniki börək çatızmalığından əziyyət çəkir”, o qeyd edib.

Onun sözlərinə görə, jurnalist həm də bir aya yaxındır sistit xəstəliyinə (sidik kisəsinin selikli qişasının iltihabı-red) yoluxub.

“O, ciddi müayinə olunub, müalicə təyin edilməlidir. Təcridxana şəraitində isə onu müayinə edəcək aparat və ixtisaslaşmış həkimlər yoxdur. Ona dərmanlar yazmışdılar. Həmin dərmanların qəbulundan sonra vəziyyəti daha da ağırlaşıb. Sidik ifrazı zamanı qanamaları və kəskin ağrıları olur. Əgər vaxtında düzgün müalicə olunmazsa, fəsadları ağır olacaq. Təcili həkim müainəsinə və müalicəyə ehtiyac var”, Lamiyə Orucova Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Penitensiar Xidmətin Müalicə müəssisəsindən Əziz Orucovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.