Suriyada HTŞ rəhbərliyi: 14 Daxili İşlər Nazirliyinin əməkdaşı Əsəd tərəfdarları tərəfindən öldürülüb

Suriyada idarəçiliyi öz üzərinə götürən Heyət Təhrir əl-Şam (HTŞ) devrilmiş prezident Bəşər Əsəd tərəfdarları tərəfindən pusquya düşdüyü deyilən Daxili İşlər Nazirliyinin 14 əməkdaşının öldürülməsindən sonra gecə boyu komendant saatı elan edib.

Tartus, Homs və hətta paytaxt Dəməşq kimi bir çox şəhərdə keçirilən etiraz aksiyalarında qarşıdurmalar baş verib.

Suriyanın yeni daxili işlər naziri Məhəmməd Əbdül Rəhman devrilmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən “Daxili İşlər Nazirliyinin 14 əməkdaşının” öldürüldüyünü açıqlayıb.

Çərşənbə axşamı Həmada Bəşər Əsəd dövründə xidmət etmiş üç ələvi hakimin və bir zabitin öldürülməsinə cavab olaraq çərşənbə günü Homs, Həma, Tartus və Latakiyada nümayişlər keçirilib. Dövlət mediasının məlumatına görə, çərşənbə günü Homs şəhərində keçirilən nümayişlərə azlıqda olan ələvi və şiə müsəlman icmalarının üzvləri rəhbərlik edib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) HTŞ-nin etirazçıları dağıtmaq üçün bəzi nöqtələrə atəş açdığını və ən azı bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını açıqlayıb.

Son hadisələr Əsədin iki həftə əvvəl devrilməsindən sonra ölkədə baş verən ən şiddətli və geniş yayılmış iğtişaşlardır.

Rəhman ölkənin təhlükəsizliyini, vətəndaşların həyatını təhlükəyə atmağa və ya sülh və gələcəyin sabitləşməsi proseslərini dayandırmağa cəsarət edən hər kəsə qarşı sərt tədbirlər görəcəyini vəd edib.

Görünür, ələvilərin etirazlarına səbəb qismən ələvi məbədinin yandırılmasını əks etdirən internet videosu olub. Səlahiyyətlilər videonun köhnə olduğunu və yeni hadisə olmadığını israr edirlər.

Bəzi etirazçılar HTŞ tərəfindən həbs edilən keçmiş Suriya ordusu əsgərlərinin azad edilməsini tələb ediblər. Etirazlara cavab olaraq HTS yerli vaxtla axşam saat 6-dan səhər saat 8-ə (ET 8-10-a) qədər komendant saatı tətbiq edib.

Dövlət mediasındakı xəbərlərdə komendant saatının yalnız bir gecəlik tətbiq edildiyi, lakin zorakılıqların sona çatmadığı təqdirdə yenilənə biləcəyi bildirilir.

Suriyada ələvi azlığının çoxluq təşkil etdiyi Tartus şəhəri kimi digər bölgələrdə də kiçik miqyaslı nümayişlər keçirilib, lakin bu nümayişlər o qədər də şiddətli olmayıb.

 

Əsədin devrilməsindən sonra Ələvilər

Suriyada Bəşər Əsədin devrilməsindən sonra minlərlə insan paytaxt Dəməşqin Əməvi meydanında hər gün bayram keçirməyə davam etsə də, bir çox suriyalı ələvi ölkələrinin gələcəyi ilə bağlı narahatdır.

Əl-Qaidənin keçmiş qolu olan HTS Böyük Britaniya, ABŞ və Avropa Birliyinin terror təşkilatları siyahısındadır. Qrup 2016-cı ildə Əl-Qaidə ilə əlaqələrini kəsdiyini açıqlasa da, müxtəlif insan haqları pozuntuları, o cümlədən "dini təhqir etmək" və "zina" ittihamları ilə edamlar ittihamları davam edir.

Saysız-hesabsız sivilizasiyaların ürəyi kimi böyük müxtəlifliyə malik olan Suriya üçün HTŞ-nin qurduğu hökumətin bütün üzvləri sünnilərdən ibarətdir.

Kürdlər, xristianlar və druzların da yaşadığı Suriyanın 24 milyonluq əhalisinin əksəriyyətini sünnilər təşkil edir. Ələvilərin əhalisi yüzdə 10-13 arasındadır.

Bəşər Əsəd və atası, keçmiş prezident Hafiz Əsəd də Latakiya əsilli ələvidir. Məlumdur ki, Əsəd ailəsi ələviləri hakimiyyətə gələn 1970-ci illərdən ordu və hökumətdə yüksək vəzifələrə təyin edib.