Xanım Zeynəb (s.ə) ziyarətgahında vəziyyət sabitdir, amma..

Həzrət Zeynəb (s.ə) ziyarətgahında nisbi sabitlik hökm sürür

 

Operativtv Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, hazırda Dəməşqdə yerləşən Həzrət Zeynəb (s.ə) ziyarətgahında nisbi sabitlik hökm sürür. Bununla belə, zəvvarlar və yerli əhali bölgədəki davamlı təhdidlər səbəbilə ciddi narahatlıq keçirir.

Son günlərdə elektrik problemi və generatorlar üçün yanacaq çatışmazlığı səbəbilə ziyarətgahın işıqlarının söndürüləcəyi barədə xəbərlər yayılmışdı. Lakin dərhal qismən də olsa yanacaq təmin edilib və axşam saatlarında ziyarətgahın minimal işıqlandırılması bərpa olunub. Həmçinin, günəş enerjisi ilə işləyən işıqlandırma sistemlərinin istifadəsi ilə ziyarətgahın qaranlıqda qalmasının qarşısı alınır.

Suriyadakı təhlükəsizlik vəziyyəti daha geniş miqyasda narahatlıq doğurur. Xüsusilə HTŞ (Heyət Təhrir əş-Şam) kimi terrorçu qrupların bəzi bölgələrdə hakimiyyəti ələ keçirməsi Ələvi və Şiə icmalarına qarşı təhdidlərin artmasına səbəb olub. Qərbin bu qruplaşmaların keçmişinə göz yumarak, onları “demokratik dəyişikliklərin simvolu” kimi təqdim etməsi isə vəziyyəti daha da təhlükəli hala gətirir. HTŞ-nin zorakılıqdan uzaq dayanacağına dair bəyanatları ilə təhdidlərin artması, qəbiristanlıqlarda Şiə məzarlarının dağıdıldığına dair videolar və minlərlə insanın köç etməsi, bu “demokratiya” vədlərinin reallıqdan uzaq olduğunu göstərir.

Eyni zamanda, Qərbin bu terrorçu qrupları bəzi siyasi maraqlarına uyğunlaşdırmağa çalışması, bölgədəki dini və etnik qrupların təhlükəsizliyini daha da risk altına alır. Son xəbərlərə görə, təzyiqlərdən qaçmaq üçün 100 minə yaxın Ələvi, Şiə və digər dini azlıqlara mənsub şəxslər Livana köçmək məcburiyyətində qalıb. Bu, Suriyadakı real vəziyyətin nə qədər həssas olduğunu bir daha təsdiqləyir.

Ziyarətgahların qorunması və dini azadlıqların təmin edilməsi üçün regional və beynəlxalq səviyyədə daha ədalətli və səmimi addımların atılmasına ehtiyac olduğu aydın görünür. Təhdidlər və zorakılıqdan uzaq bir gələcək üçün hər bir qrupun təhlükəsizliyi prioritet olmalıdır.