Hacı Ramil Bədəlov bu həftə də silsiləvi cümə moizəsini davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə də ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan çıxışını o, mövludu ərəfəsində olduğu Xanım Zəhradan (s.ə.) danışıb. Ruhani, İslam Peyğəmbərinin (s) qızı Fatimənin (s.ə.) həyat hekayəsinə qısa baxış edərək bəzi məqamlara diqqət yönəldib.

O, Peyğəmbərin rehlətindən sonra qızı Zəhranın (s.ə.) yaşadıqları hadisələrdə xanımın fikirlərini şərh edib. İlahiyyatçı, Rəsulallahın (s) ölümündən sonra bir qrup şəxsin Peyğəmbər ailəsinə qarşı atdığı addımları və bu işdə şeytanın qəflət yaratmasını mühitin məhv olma amili kimi səciyyələndirib. O, şeytanın qəflət yaratma səbəb olan xüsusiyyətləri aşağıdakı sıralama ilə şərh edib.

“Şeytanın ilk addımı insanı qəflətə salmaqdır. O, insanı yaxşılıqlardan, əlində olan dəyərli fürsətlərdən qəflətə salaraq ömür xəttini yanlış istiqamətə çəkir. Haqqa qəflət edən insan beləcə ömür yaşamaqla xüsrana-ziyana uğrayır. Nəticədə dünyada qazanılması mükün olan nemətləri qəflət səbəbindən əlindən verən insan əbədi cəzaya məhkum olur.

Qəflətin əksi olaraq oyanışda olan insan şeytanın tələlərinə düşməkdən daha çox amanda qalandır. Oyanışın 5 xüsusiyyəti var ki, insan diqqət edərək bütün bunları özündə formalaşdırmağa çalışmalıdır. Onlardan 1-si Allahı zikr edib Onunla fəxr etməkdir. Bir şəxs Allahı xatırlamaqla, Onun nemətlərini zikr etməklə Rəbbinə fəxr hissi oyanışın əlamətidir. 2-ci əlamət özünü Allahın müqabilində əliboş və aciz bilməsidir. 3-cü əlamət gördükləri, yaşadıqlarından, dünyada olanlardan ibrət götürmək. 4-cü əlamət Rəbbini xatırlayaraq tövbə və istixfar etmək, 5-ci əlamət isə axirəti xatırlayıb əbədi varlıq olduğunu dərk edib sevinməkdir. Bu 5 xüsusiyyət insanda olsa qəflətdə olmadığını başa düşə bilər.

Şeytanın insanı qəflətə salmaq üçün ikinci addımı insanlar arasında kin-küdurəti yaymaqdır. Bəzən kiçik küskünlüyü şeytan məharətdə kinə çevirərək illərcə alovlanan nifrət və ədavətə yol aça bilir. Bu bəlaya düçar olmamaq üçün insan istənilən narahatlığı qarşı tərəflə aydınlaşdırıb aradan qaldırmalıdır ki, şeytana bu istiqamətdə fürsət verməsin.

Üçüncü addımda şeytan insana yalan vədlər verməklə ömrünü puç etməsidir. Heç bir ümidi olmayan arzularla həyatı yaşayan insan mütləq ziyana uğrayacaqdır. Şeytan arzularla insanı fəaliyyətdən saxlayaraq zaman fürsətini əlindən alıb onu əbədi peşimançılığa aparır.

Şeytanın dördüncü addımı vəsvəsədir. Hər bir yaxşı işdə vəsvəsə-tərəddüd bir zaman insanın bütün yaxşılıqlara şübhə ilə baxmasına səbəb olacaq. Vəsvəsədə yaşanan ömür insanın daxilini parçalayan virus kimi onu getdikcə zəifləyib əldən salacaq.

Şeytanın insanı qəflətə saldığı beşinci addımı isə insanı özündən razı etməsidir. Bəşəriyyətin böyük əksəriyyətinin məhvinə səbəb olan düşüncə özündən razılığıdır ki, belə olan halda o, günahlarını görməz və kiçik əməlləri gözündə böyük görünər.

Sonuncu, altıncı qəflət, şeytan insanı qorxuya salıb ona qorxu səbəbi ilə bəyəndiyi işi icra etdirməsidir. Biz bəzən harama ac qalarıq, ailəmiz çətinliyə düşər deyə əl uzadırıq. Bu şeytanın bizə kasıblıq, səfalət qorxusu ilə günah işi görməyə təhrik etməsidir.”

Sonunda ilahiyyatçı Hacı Ramil Bədəlov İslam dünyası, Azərbaycan xalqını qarşıdan gələn mübarək mövlud münasibəti ilə təbrik etdi və dualarla söhbətin davamını növbəti cümə günü etdirəcəyini bildirərək bu həftəki cümə moizəsini bitirdi.