Şeyxülislam 44 günlük müharibədə göstərdiyi dəstək üçün Rusiya Müftilər Şurasının sədrinə təşəkkür edib

“Rusiya müsəlmanları ilə mənəvi əlaqələrimiz həmişə yüksək səviyyədədir, biz qardaş Tatarıstanın və Rusiyanın digər subyektlərinin dini liderləri ilə davamlı əlaqə saxlayırıq. Mərkəzi Asiyanın müsəlman dövlətləri ilə əlaqələrimiz buna nümunə ola bilər” bunu Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, QMİ Rus Pravoslav Kilsəsi ilə ənənəvi dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlıq əlaqələri ilə bağlıdır. “Bunda, şübhəsiz ki, Moskva və Bütün Rusiyanın patriarxı Kirillin böyük əməyi var. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən və tam suverenliyini təmin etdikdən sonra genişmiqyaslı yenidənqurma və işğaldan azad edilmiş ərazilərin infrastrukturunun inkişafını həyata keçirir, ekosid, urbisid və vandalizmin nəticələrinə qarşı mübarizə apararaq torpaqlarını minalardan təmizləyir, şəhər və kəndlərini dirçəldir, işğal zamanı dağıdılmış bütün dinlərə aid məbədləri – həm məscidləri, həm də pravoslav kilsələri bərpa edir”, - deyə Şeyxülislam əlavə edib.

A.Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri Ravil Həzrət Qaynutdinə 65 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının adından təbriklərini çatdırıb və ona 44 günlük Vətən Müharibəsində Azərbaycana göstərdiyi qardaş dəstəyinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” XX Beynəlxalq Müsəlman Forumu Moskva Cümə Məscidində keçirilir. Tədbirdə 40 ölkədən qonaqlar iştirak edir. Azərbaycanı Allahşükür Paşazadə ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov təmsil edir.