İlk addım dəyərlərdən başlamalıdır

Seçkilər yekunlaşdı. Növbəti illərin məsuliyyət yükündə yeni perespektivlərin olacağı haqqda fikirlər gələcəyin xoş ümid sədaları olaraq öz davamını səsləndirincə bunun nə qədər həqiqət olacağı haqda çox da geniş düşünməyə ehtiyac qalmır. Hər kəs Azərbaycan xalqının varlığında dinin hansı əhəmiyyətə malik olduğundan yetərincə xəbərdardır. Hətta Ermənistana qarşı siyasi hücumlarda din faktoru ölkə başçısının çıxışlarında da yer alan ifadələrdən idi. Məscidlər, ziyarətgahlar, inanc və sair kimi dinin əhəmiyyət verdiyi və xalqın ruhuna təsirli sədalar müharibə dövründə az səsləndirilməyən sətirlərdən idi. Qələbə və qələbədən sonra da ölkənin 1-ci və 2-ci şəxsinin məscidlərin ziyarəti, azad olunmuş ərazilərdə ilk olaraq dini ocaqlara diqqət heç də təsadüfi seçilməyən mövzulardır.

Bəlli məsələdir ki, xalq inanc və inancla bağlı nöqtələrə xüsusi əhəmiyyət verir ki, bu da onun varlığına hopan dəyərlərindən irəli gəlir. Şübhəsiz, hər sahədə dinin təsirlərini görmək olar ki, bu sadalamaqla bitən deyil. Bunun üçün sadəcə qıcıqlı və qərəzli baxışları kənara qoymaq kifayətdir ki, ölkədə din və inanclının rolu aydınlansın. Bu, hansı davranışlara məruz qalmaqdan asılı olmayaraq həmişə belə olub, yuxarı-aşağı cüzi dəyişiklik yaşana bilsə də, ümumi forma sabit və işləkdir. 

Bu nöqtəyə qədər dinin vəziyyəti və hakimiyətin də daxil, siyasi baxışların din mövzusundakı həssas davranışı mövcud durumu hər iki tərəf üçün heç də doğma və arzulanan qədər gözəl olduğunu söyləməyə əsas vermir. Yersiz təqib və təzyiqlər, həbs və qadağalar, siyasiləşdirilməyə çalışılan dini atmosferin “dağıdıcılıq” illuziyası bu gün nə dindarın, nə də hakimiyyətin xoş münasibətlərdə olduğunu söyləyə bilməz. Bəllidir ki, daxili və xarici təsirlərin öz vətəndaşını yersiz təqib altına qoyan hakimiyyətlə inanclı arasında süni yaradılan dini mühit isti ocaq rolunda çıxışı özünü aldatmadan başqa bir şey deyil.

Bu günə qədər mənzərə bəzəkli nitqləri özünüaldatma fikirləri ilə din və cəmiyyət, xalq mövzusunda ideal deyil, yaxşı bir münasibətin olduğunun söylənilməsi belə hər kəs tərəfindən rədd edilən həqiqətdir. Qeyd edilənlərə, dayanıb-çevrilib arxada qalan dağıntıları görüb qiymətləndirmək yetərlidir.

Sadalananlar bu günə qədər olan acı bir nəticədir. Ardınca ölkənin sabahında, bu gün növbəti seçkidən sonra vədələrlə çıxış edən ölkə başçısının söylədikləri və bütünlükdə varlığında din və inanc olan Azərbaycan xalqı dayanır. Əgər həqiqətən də dəyişiklik başlayacaqsa, ilk öncə xalqın dəyərlərinə ehtiram və düçüncəsinə hörmətdən başlamalıdır bu dəyişiklik, əgər başlayacaqsa...

 

MBH