'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru 4 ay həbs edilib

İyulun 24-ü axşam saatlarında Səbail rayon Məhkəməsi "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktoru İqbal Əbilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.

Bu barədə onun atası Şahin Əbilov məlumat verib.

Ş.Əbilovun sözlərinə görə, İ.Əbilov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

O əlavə edib ki, oğlu uşaqlıqdan Belarusda yaşayıb: "Oğlum siyasətlə məşğul olmayıb. O, geniş elmi araşdırmalar aparıb. Onun tədqiqatları təkcə talışlarla bağlı deyil, Çindən Türkiyəyə qədər bütün geniş regiona aid olub".

Bəzi yaxınları isə onun həbsini müxtəlif milli azlıqlar, o cümlədən Azərbaycan talışları ilə bağlı araşdırmaları ilə izah edirlər.

Atasının və yaxınlarının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı İ.Əbilovu iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

35 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.

İ.Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

 

 

AzadlıqRadiosu