Hizbullah: Təl-Əvivlə müharibədən qorxmuruq

Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyəddin işğalçılarla sərhədsiz müharibəyə girməkdən qorxmadıqlarını bəyan edib.

Ərəb mediasının məlumatına görə, Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyəddin Livanın cənubundakı vəziyyəti dəyərləndirib. Livan müqavimətinin işğalçılarla sərhədsiz müharibəyə girməkdən qorxmadığını ifadə edən Səfiyəddin, "Netanyahunun Livanla müharibədə israr etməsi əslində rejimin çöküşünü sürətləndirəcək" deyib.

Bu günlərdə Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah çıxışında İsrailin onlara qarşı “tam müharibə” təhdidindən qorxmadıqlarını bildirmişdi.

Oktyabrın 8-dən İsraillə Hizbullah arasında gərginlik davam edir. Sərhəddə şiddətli toqquşmalar baş verir.

İsrailin Hərbi Naziri Yoav Gallant Hizbullah ilə münaqişədə qərar anının yaxınlaşdığını bildirərək, “İsrail tam olaraq əsas diqqətini şimala yönəldə bilər” deyə iddia edib.