Azərbaycanda nikaha qoyulan məhdudiyyətlər təsdiqlənib

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Beləliklə, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Bundan başqa, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Həmçinin Azərbaycanda 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə edilən yeni - 176-2-ci maddədə əksini tapıb.

Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər də inzibati həbs olunacaq. bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-3-cü maddədə əksini tapıb.

Bu dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 22 iyunda Azərbaycan Respublikası parlamenti Azərbaycanda nikahın bağlanmasına mane olan halların dairəsini genişləndirən layihə qəbul etdi.

Deputatların bu qərarı qan qohumları arasında nikahın nəticəsində dünyaya gələn övladlarda genetik qüsurların riskinin yüksək olması ilə əsaslandırılır. Elmi əsaslara görə, həmin genetik xəstəliklərin riski, qohum olmayan cütlüklər üçün də mövcuddur. Məhz buna görə də dünya təcrübəsində istər yad cütlüklərdə istərsə də qohum olan cütlüklərdə bu riski aradan qaldırmaq, nikahdan öncə analizlərlə mümkündür və bunun üçün halal nikahlara qadağa tətbiq etmək lazım deyil.