Direktor müavininin jurnalistə qarşı iddiası qismən təmin edilib - Video

Avqustun 5-də Binəqədi rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Vaqifqızına qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində jurnalistin özü və vəkili Zibeydə Sadıqova, E. Alandarovanı təmsil edən həyat yoldaşı Rasət Qasımov iştirak ediblər.

Hakim E. Əliyev tərəflərə barışığa gəlib- gəlməsi ilə bağlı sual ünvanlayıb. R. Qasımov bildirib ki, o ötən proses zamanı S. Vaqifqızına və nişanlısına xoşbəxtlik arzulasa da, gənclər barışığa gəlməyiblər. Hakim isə bildirdi ki, bunun prosesə aidiyyatı yoxdur: “siz kiməsə xoşbəxtlik arzulayırsınızsa, bu o demək deyil ki, sizə güzəştə gedilməlidir”. R. Quliyev məhkəməyə bildirib ki, onun həyat yoldaşını Nizami rayon İcra Hakimiyyətindən təhlükəsizlik baxından seçkiyə göndəriblər. Vəkil Z. Sadıqova məhkəməyə bunun qanunsuz bir hal olduğunu, icra hakimiyyətinin seçkiyə qarışmaq hüququnun olmadığını deyib. Vəkil eyni zamanda seçki zamanı DİN-in təhlükəsizlik xidməti üçün mühafizə xidməti ayırdığından məktəb direktorunun müavininə bu işin həvalə edilməsinə heç bir ehtiyac olmayıb.

Qısa sürən müşavirədən sonra hakim E. Əliyev iddianın qismən təmin edildiyini élan edib. Belə ki, “Karuselə nəzarət edən director müavini” başlığının həqiqətə uyğun olmadığını vurğulayaraq iddaçının tələbində yer alan üzr istəmək və kompensasiya ilə bağlı hissənin təmin edilmədiyini bildirib və iddiaçının nümayəndəsinə “həmin gün sizin yoldaşınız o məktəbdə olmasaydı, biz bu gün bu iclası keçirməyəcəkdik, o orada olmamalı idi”.
Qeyd edək ki, qərar élan edildikdən sonra iddiaçının nümayəndəsi R. Qasımov hakimin və məhkəmə iştirakçılarının gözü qarşısında məhkəmə zalında iştirak edən Sevinc Vaqifqızının nişanlısı Məsud Əsgərə kobud ifadələr deyərək onu itələyib. Daha sonra o zaldan çıxanda da məhkəmənin dəhlizində Məsud Əsgərə yenidən təhqiredici ifadələr deyib. Hakim R. Qasımovun bu hərəkətinə görə məhkəməyə verilə biləcəyini bildirdi. Jurnalist bildirib ki, iddiaçının nümayəndəsinin bu davranışından məhkəməyə şikayət veriləcək.

Xatırladaq ki, 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını məhkəmə verib. Direktor müavini iddia edir ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı jurnalist Sevinc Vaqifqızı Elmira Alandarovanı lentə alıb. Jurnalistin kadrlarında Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür. Direktor müavini iddia edir ki, jurnalist onun şərəf və ləyaqətini alçaldıb. Tələb edir ki, həmin süjet Meydan TV və “Azadlıq” qəzetinin səhifələrindən silinsin, üzrxahlıq edilsin və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilsin.