Jurnalistin ölkədən çıxış qadağası götürülməyib

Bakı Apelyasiya Məhkəməsi jurnalist Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.
 
Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. 
 
Bu haqda jurnalistin özü məlumat verib.
 
Jurnalistin deməsinə görə, şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə onun və vəkillərinin iştirakı olmadan baxılıb. Məhkəmə A.Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayıb.
 
A.Məmmədov iş üzrə ölkədaxili müdafiə vasitələrinin tükəndiyini, Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.
 
Criminal.az saytının redaktoru olan A.Məmmədovun ölkədən çıxışına 2018-ci ildən "stop" qoyulub. O, bunu qanunsuz hesab edir, peşə fəaliyyətinə görə, ayrı-seçkiliyə məruz qaldığını bildirir.
 
2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar. AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.
 
AİHM həmin şikayətlərdən bəzilərinə baxıb və jurnalistlərin hüquqlarının pozulduğu haqda qərar verib.
 
Turan İA