Ali Məhkəmə jurnalistə hücumla bağlı iş üzrə məhkumlar barədə hökmü qüvvədə saxlayıb

Bu gün Azərbaycan Ali Məhkəməsində Hafiz Nəsibovun sədrliyi ilə aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülməsi ilə bağlı iş üzrə məhkumlar Kənan Mədətov və Arif Əliyevin kassasiya şikayətinə baxılıb.

İclasın əvvəlində bu iş üzrə digər məhkum Camal Məmmədovun kassasiya verilməsini gecikdirməsinin üzürlü hesab edilməsi barədə vəsatətinə baxılıb. Amma məhkəmə vəsatəti təmin etməyib, belə ki, müdafiə tərəfi şikayət verilməsinin gecikdirilməsinin səbəbini əsaslandırmayıb.

Mədətovun vəkili müvəkkilinin təqsirsiz olduğunu bildirib. Müdafiə tərəfin iddiasına görə, Mədətov jurnalisti döyməyib, əksinə, ona kömək etmək istəyib və bu, videomüşahidə kameralarının görüntülərində əks olunub.

Vəkil müdafiə tərəfin və zərərçəkmiş tərəfin jurnalistin ölümündə həkimlərin təqsirli olduğu barədə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.

Arif Əliyevin vəkili deyib ki, istintaq müvəkkilinin əməllərini "ağır" olaraq tövsif edib, bu da onun əməllərinə adekvat deyil. O, məhkəmədən 126-cı maddə (qəsdən sağlamlığa ağır zərər yetirmə) üzrə ittihamı daha yumşaq maddə ilə əvəz etməyi və cəzanı yüngülləşdirməyi xahiş edib.

Qətlə yetirilmiş jurnalistin anası Teyfurə Əliyeva bildirib ki, bu iş üzrə cəlb edilən hər kəs oğlunun ölümündə təqsirlidir. O qeyd edib ki, məhz Kənan Mədətov bütün digər şəxsləri cinayət yerinə gətirib və oraya hansı məqsədlə getdiklərini bilirdi. Sonradan hamını aparan da məhz o olub və jurnalistə kömək etməyib.

Prokuror Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamağı xahiş edib. Nəticədə Ali Məhkəmə aşağı instansiya məhkəmələrin qərarlarını dəyişdirmədən qüvvədə saxlayıb.

* Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də facebook-da tənqid etdiyi jurnalist Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Jurnalist ağır xəsarətlərlə 1 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb, bir gün sonra burada dünyasını dəyişib.

Qeyd edək ki, Əliyevin ölümü ilə bağlı iş üzrə 6 nəfər həbs edilib. Hüseynova qarşı iş istintaqın sonuna yaxın ayrıca icraata götürülüb. O, CM-in 307.1 (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2-ci (cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il mayın 3-də təqsirləndirilən beş şəxs barəsində hökm çıxarıb: Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il mayın 31-də Səbail rayon məhkəməsi futbolçu, "Qəbələ" klubunun kapitanı Cavid Hüseynovu 307.1 və 307.2-ci maddələrlə təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. 2016-cı il dekabrın 12-də o, vaxtından əvvəl azadlığa buraxılıb.