“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov ictimaiyyətə açıq müraciət ünvanlayıb. O, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirərək, irəli sürülən ittihamları rədd edib.
Fərid İsmayılov müraciətində bildirib:
“28 aydır cinayət törətməkdə ittiham olunuram. Cinayət işi adlanan kağız yığınında mütəşəkkil dəstənin araşdırmaçı jurnalisti olduğum yazılır və araşdırdığım materialları istintaq orqanı sübut kimi qiymətləndirib. Bu fakt mənim niyə həbs olunduğumun sübutudur. Bildirirəm ki, heç vaxt nə cinayət törətmiş, nə də cinayətdə iştirak etmişəm. Amma jurnalist fəaliyyətim cinayət əməli hesab olunur. Dövlət qurumları belə təsdiq edir ki, yaşadığımız ölkədə jurnalistika cinayətdir.
Mən “Toplum TV”də Söyüdlü, Nabatkənd də daxil olmaqla onlarla kənddə baş verənləri, parlamentdə yatan deputatları, zorakılığa məruz qalan vətəndaşların şikayətlərini, yuyulan dövlət büdcəsini izləyicilərə çatdırmışam.
“COP29” tədbiri zamanı Azərbaycan hökumətinin rəsmilərindən insan haqları ilə bağlı müsahibələr almışam. Həmin müsahibələrdən birini də Hikmət Hacıyevdən götürmüşəm və görünür, bu da mənim həbsimə gətirib çıxarıb. Hacıyevə silah yox, mikrofon uzatmışam, öldürməmişəm, sual vermişəm.
“Qanunsuz” suallar, reportaj və araşdırmalarıma görə 13 il həbs cəzasına məhkum olunmağım istənilir.
Misal olaraq, terrora açıq çağırış etsəydim 5 il, təyyarə qaçırsaydım 8 ilədək həbs cəzası ala bilərdim. Media eksperti Ələsgər Məmmədli hüquqi təlimlər yox, terrorçuluq məqsədilə təlim keçsəydi, 15 il deyil, 10 ilədək həbs cəzası gözləyərdi.
“Toplum TV”də fəaliyyətimə görə qürur duyuram, təəssüflənəcəyim hər hansı bir səbəb görmürəm. Mən bu hökumətin imtahanından qəti qorxmuram”.
Fərid İsmayılov “Toplum TV işi” çərçivəsində 2025-ci il yanvarın 17-də həbs olunub.
Bu iş üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açıldığı bildirilir. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, platformanın qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev yer alır. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu bildirirlər.
İyunun 8-də dövlət ittihamçısı iş üzrə təqsirləndirilən şəxslərə ümumilikdə 130 il həbs cəzası verilməsini istəyib. O, Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətlinin 16 il, Ramil Babayevin 14 il, Əli Zeynalın 15 il, İlkin Əmrahovun 14 il, Müşfiq Cabbarın 14 il, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Fərid İsmayılov: “Hikmət Hacıyevə silah yox, mikrofon uzatmışam”