Bin Salmanın jurnalisti öldürtməsi ilə bağlı yeni faktlar

BMT məruzəçisi Aqnes Kallamard Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının Türkiyədəki Səudiyyə konsulluğunda öldürülməsi  cinayətinə dair hazırladığı hesabatda Türkiyə kəşfiyyatının ötürdüyü deyilən bəzi danışıq qeydlərinə yer verilib.

FaktXəbər-in məlumatına görə, sənəddə deyilir ki, Səudiyyə Ərəbistanının İstanbul Baş konsulu Məhəmməd əl-Uteybi cinayətdən əvvəlki günlərdə naməlum biri ilə "təhlükəsizliklə bağlı bir vəzifə"yə dair danışıqlar aparır. Uteybi ilə danışan şəxs dövlət rəsmiləri tərəfindən verilən bu vəzifə üçün protokoldan etibarlı birinə ehtiyac olduğunu və lazım gələrsə, bu adama xüsusi icazə verilməsini bildirir.

Uteybi başqa bir adamla apardığı danışıqda Ər-Riyaddan rəsmilərin ona zəng vurduğunu və Ər-Riyadda təcili bir toplantı olduğunu deyir. Uteybi görüşdə məsələnin çox gizli olduğunu vurğulayır.

Səs qeydlərindən həmçinin Baş konsulun Ər-Riyaddan gələcək şəxslər üçün yerləşdirmə, təyyarə bileti kimi işlərin görüldüyü görünür.

"Konsulluqdakı iş iki, ya da üç gün davam edəcək"

Hesabatda Səudiyyəli icra qrupunun Qaşıqçını öldürmək üçün Ər-Riyaddan İstanbula necə gəldiyinə dair danışıqlara yer verilir.

Qaşıqçının öldürülməsindən 1 gün əvvəl naməlum şəxs, "Sabah Səudiyyə Ərəbistandan bir komissiya gələcək. Konsulluqda bəzi işlər görəcəklər. Daxildəki işləri iki, ya da üç gün davam edəcək", - deyə bildirir.

"Qurbanlıq heyvan gəlib çatdımı?

Qaşıqçı Baş Konsulluğa girməmişdən bir neçə dəqiqə əvvəl icra qrupundan pataloji anatomiya mütəxəssisi Salah Məhəmməd Abduh ət-Tubeyki və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətində vəliəhd Şahzadə bin Salmanın yaxın qrupuna daxil olan Mahir Abdulaziz Mutrəb arasındakı dialoqlar da hesabatda yer alıb.

Vəliəhd Şahzadə bin Salmanın yaxın qrupuna daxil olan Qaşıqçı cinayətinin əsas məsul şəxslərindən olan Mahir Abdulaziz Mutrəb, Tubeykiyə Qaşıqçının cəsədini çantaya qoymaq mümkün olub olmadığı barədə sual verir.

Tubeyki isə cavabında, "xeyr, çox ağırdır", - deyə bildirir. Tubeyki daha sonra, "asan olacaq. Oynaqlar ayrılacaq. Bədəni ağırdır. Əvvəl yerdə kəsəcəyəm. Plastik çantalar alsaq və parçalara ayırsaq, hər şey tamamdır. Hər parçasını yerləşdirəcəyik", söyləyir.

Söhbətin sonunda Mutrəb Qaşıqçı nəzərdə tutaraq, "qurbanlıq heyvanın" gəlib gəlmədiyini soruşur və gəldiyi cavabını alır.

"İnterpolden əmr var" yalanı

Qaşıqçı baş konsulluğa daxil olduqdan sonra onunla aparılan danışıqlarda Səudiyyə Ərəbistanına qayıdıb qayıtmayacağına istiqamət götürülür.

BMT hesabatındakı danışıq qeydlərinə görə, Qaşıqçını mühakimə edən şəxslər, "səni geri aparmaq məcburiyyətində qalacağıq. İnterpoldan əmr var. İnterpol sənin geri göndərməyi tapşırdı", - deyə bildirir. Buna qarşılıq olaraq Qaşıqçı, barəsində cinayət işinin olmadığını söyləyərək, onu baırda gözləyənlərin olduğunu deyir.

Edam qrupundan Mutrəb, Qaşıqçıdan oğluna mesaj göndərməsini istəyir. Qaşıqçı, "Nə deməliyəm? Tezliklə görüşərik? Qaçırılmadan danışa bilmərəm", - deyib, bu təklifi rədd etməsindən sonra bir neçə dəfə, "qısa kəs" cavabını alır.

Qarşılıqlı bir neçə dəqiqə davam edən dialoqdan sonra komanda Qaşıqçıya, "səni keyləşdirib yatırdacağıq", - deyir.

Hesabatda bundan sonra Qaşıqçı ilə qrup arasında dava-dalaş getdiyi və sonda Qaşıqçının qətlə yetirildiyinin aydın olduğu bildirilir.