Azərbaycan və Fransa arasında 2 mlrd. dollarlıq müqavilələr imzalanıb

Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində iyulun 20-də iqtisadi əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb.

Xüsusən, SUEZ Group tərəfindən "Azərsu" ASC-yə texniki yardım göstərilməsi haqqında müqaviləyə əlavə, habelə Sumqayıt şəhərində su təchizatının idarə edilməsi haqqında saziş imzalanıb.

Bundan başqa, "Azərkosmos" ASC və Fransanın Milli Kosmik Araşdırmalar Mərkəzi arasında kosmik sahədə əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalanıb.

Həmçinin, "Azal" QSC və Thales şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı üzrə Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

"Azal" həmçinin Modern Costruction Group, Thales şirkəti ilə Bakı Beynəlxalq Aeroportunda radiolokasiya sisteminin quraşdırılması haqqında müqavilə imzalayıb.

Thales şirkəti ilə "Azal"ın və "Azəraeronaviqasiya"nın kibertəhlükəsizliyinin təmin edilməsi haqqında müqavilələr imzalanıb.

Həmçinin, "Azal" və Thales arasında uçuş qrupları üçün brifinq sisteminin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Prezidentlər Əliyev və Makronun danışıqları zamanı Azərbaycan və Fransa arasında siyasi, iqtisadi sahələrdə, energetika, ekologiya, nəqliyyat sahələrində, təhlükəsizlik, mədəniyyət sahələrində və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd edilib, Azərbaycanda Fransa liseyinin və Azərbaycan-Fransa Universitetinin fəaliyyətindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətin daha da genişləndirilməsində maraqlıdır.

Əliyev qeyd edib ki, bu səfər çərçivəsində 11 Fransa şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirilib. Bu görüşlər iqtisadi əməkdaşlıq üçün böyük imkanlar açır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Fransa şirkətləri arasında məbləği 2 milyon dollardan çox olan müqavilələr imzalanıb.

Həmçinin, neft-qaz sektorunda, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro inşası, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

contact.az