Tramp və Netanyahu arasında İranla bağlı sərt mübahisə yaşandığı bildirilir

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı telefon danışığı zamanı sərt mübahisə yaşandığı bildirilir.

İsrailin “Ynet” nəşri mənbələrinə istinadən yazır ki, noyabrın 7-8-də baş tutan danışıqda tərəflər İrana qarşı hərbi əməliyyatların bərpasını müzakirə ediblər.

Mənbələr söhbəti “gərgin və çətin” adlandırıblar. Onlardan biri isə liderlər arasında “qışqırıqla müşayiət olunan dəhşətli mübahisə” yaşandığını bildirib.

Netanyahunun ofisi bu məlumatı təkzib edib.

İsrailin yüksəkvəzifəli rəsmilərindən biri telefon danışığının baş tutduğunu təsdiqləsə də, onun gərgin keçmədiyini deyib.

“Financial Times”ın məlumatına görə, Netanyahu Trampa hər gün zəng edərək İrana qarşı hərbi əməliyyatları bərpa etməyə çağırır. ABŞ Prezidenti isə münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır.

Tramp noyabrın 9-da bildirib ki, hazırda İrana qarşı yeni hərbi əməliyyatlara ehtiyac görmür.

Bundan əvvəl “Axios” yazmışdı ki, Netanyahu noyabrın 3-də ABŞ Konqresinə keçirilən aralıq seçkilərdən dərhal sonra İrana yenidən zərbələr endirilməsini istəyib.

“The New York Times” isə İsrailin ABŞ-yə İranın rəqiblərinə qarşı kimyəvi silah tətbiq edə biləcəyi barədə kəşfiyyat məlumatları ötürdüyünü yazıb.

Nəşrin məlumatına görə, Ağ Evdə bəzi rəsmilər bu addımı Netanyahunun Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları bərpa etməyə razı salmaq cəhdi kimi qiymətləndiriblər.

Trampla Netanyahu arasında əvvəllər də gərgin telefon danışıqları olub. İyunun əvvəlində Livandakı hərbi eskalasiya ilə bağlı mübahisə zamanı Trampın Netanyahuya qışqıraraq “Sən nə edirsən?!” dediyi bildirilirdi.