Azərbaycan Avropa Şurasının Komissiyasının prioritet tövsiyələrini yerinə yetirməyib - ECRI

İrqçiliyə və Dözümsüzlüyə qarşı Mübarizə üzrə Avropa Komissiyası (European Commission against Racism and Intolerance ECRI) cümə axşamı 2016-cı ildə Azərbaycana verilmiş iki prioritet tövsiyənin yerinə yetirilməsi haqqında rəylərini dərc edib.

Birincisi, ECRI hakimiyyətə müstəqil vətəndaş cəmiyyətinin inkişafı üçün şərait yaratmağı tövsiyə edib. Bununla əlaqədar ECRI bəzi müsbət məqamları - xarici donorlar üçün qrantların qeydiyyatı prosedurunun sadələşdirilməsi ilə bağlı prezidentin fərmanını, qrantların qeydiyyatı üçün elektron xidmətlərin inkişafını və hökumət və vətəndaş cəmiyyəti arasında dialoq başladığını qeyd edir.

Bu müsbət məqamlara baxmayaraq, hakimiyyətin QHT-lərin müstəqil fəaliyyəti üçün əlverişli şərait yaratmayan məhdudlaşdırıcı tədbirləri davam edir. Bəzi hallarda bu, həmin QHT-lərin öz işini bərpa edə bilməməsinə gətirib çıxarır. Bunu nəzərə alaraq, ECRI belə bir nəticə çıxarır ki, onun tövsiyəsi yerinə yetirilməyib.

İkincisi, ECRI hakimiyyətə Avropa Şurasına daxil olarkən verdiyi sözü yerinə yetirməyi, Azərbaycan Konstitusiyasının 76-cı maddəsində nəzərdə tutulduğu kimi, alternativ hərbi xidmət haqqında qanunvericilik qəbul etməyi tövsiyə edib. Komissiya qeyd edir ki, Azərbaycan hakimiyyətinin belə bir qanunvericiliyin qəbulu üzrə heç bir təşəbbüsü olmayıb və bu tövsiyə yerinə yetirilməyib.

Nəticələr hökumətin cavabına və başqa mənbələrin məlumatına əsaslanır. Onlar yalnız prioritet tövsiyələrlə bağlıdır və Azərbaycanda irqçiliyə və dözümsüzlüyə qarşı mübarizə ilə bağlı hadisələrin hərtərəfli təhlilinə yönəlməyib.

* İrqçiliyə və Dözümsüzlüyə qarşı Mübarizə üzrə Avropa Komissiyası irqçiliyə, irqi, etnik, milli mənşəyə, dəri rənginə, vətəndaşlığına, dinə, dilə, cinsiyyətə, meyllərə və gender kimliyinə görə ayrı-seçkiliyə, ksenofobiyaya, antisemitizmə və dözümsüzlüyə qarşı mübrizə məsələlərində ixtisaslaşan, insan hüquqlarına riayət olunmasına nəzarət edən orqandır.