AXCP Sabunçu rayon şöbə sədrinin yerinin məlum olmadığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığı bildirilir.

Bu barədə partiya üzvləri sosial mediada məlumat yayıblar. Partiyanın məlumatına görə, Yusubov noyabrın 12-də səhər işə getmək üçün evdən çıxıb, lakin iş yerinə çatmayıb. Partiya üzvləri fəalın ailəsinə istinadən onun telefonuna zəng çatmadığını bildiriblər.

“Ailəsindən verilən məlumata görə, o, hər gün işə şəxsi avtomobili ilə gedir. Bu gün isə işə çatmayıb, avtomobili də yerində qalıb. Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb”, - partiyanın məlumatında deyilir.

AXCP Yusubovun saxlanıldığını ehtimal edir.

İddialarla bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hazırda partiyanın 20-dən çox üzvü, o cümlədən sədri Əli Kərimli həbsdədir. Partiya bildirir ki, üzvləri müxtəlif ittihamlarla mühakimə olunsa da, siyasi sifarişlə həbs ediliblər.