Azərbaycan ordusunun Ermənistanda saxlanılan əsgəri barəsində həbs qətimkan tədbiri seçilib

Ermənistanda saxlanılan, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 2-də Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə, yerli məhkəmə əsgər barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Ona qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb. Lakin Ermənistan Baş Prokurorluğu ötən gün verdiyi açıqlamada N.Musayevin qanunsuz olaraq Ermənistana keçdiyini və Syünik rayonunun Şəki kəndində yerli sakinə atəş açdığını bildirib.

Azərbaycan Baş Prokurorluğu da həmin gün yaydığı məlumatda Laçın istiqamətində xidmət keçən N.Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib. Araşdırma nəticəsində onun xidmət etdiyi hərbi hissəni "özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi" də qeyd olunub.

N.Musayevin yaxınlarının müraciəti daha əvvəl sosial mediada yayılmışdı. Onlar əsgərdən sentyabrın 26-dan xəbər ala bilmədiklərini, taleyi barədə ailəyə dəqiq məlumat verilmədiyini bildirirdilər.