Ağa-Əli Yəhyayev işgəncələrə məruz qalmasından danışıb

İyunun 7-i Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevin növbəti məhkəmə iclası baş tutub. İlk açılış məhkəməsindən (12 yanvar) sonra aylardır sürən müddətdə təxir edilən məhkəmədə Ağa-Əli Yəhyayev çıxış edib. O, istintaq materiallarında saxlanılması və digər məsələlərlə bağlı protokol qeydlərinə etirazını bildirib.

“Mənim Mehdiabadda piyada keçidində saxlanıldığımı yazan ağıl sahibi heç düşünmür ki, Masazırda yaşayan adamın ev geyimində bu qədər yol gəlməsi ağılsız uydurulan yalandır. Bir də axı hansı piyada keçidində saxlanılan adamın maşını polis idarəsinə gətirilir və günlərdir idarənin həyətində saxlanılır. Məni yol polisi cərimə adı ilə yolda saxlayıb, maşından düşməmi istəyib. Düşən kimi də neçə-neçə mülki geyimlilər üzərimə qonaraq məni saxlayıblar”- deyə o bildirib.

Saxlanılan zaman amansız işgəncələrə məruz qalması, fiziki və psixoloji təzyiqlərlə üzləşdiyini bildirən A. Yəhyayev istintaq zamanında öz vəkilinin tələbinə də polis və məhkəmənin rədd cavabı verməsini məhkəmənin diqqətinə çatdırıb.

Vəkil Zibeydə Sadiqova müdafiə tərəfi olaraq A. Yəhyayevin inanclı olması, tibbi müayinələrdə narkotiklərlə bağlı onda hər hansı bir halın aşkarlanmadığını da hakimin diqqətinə çatdırıb.

Hakim Elçin Məmmədov şahidlərin dindirilməsi ilə işin yekunlaşdırılacağını zalda elan edərək növbəti, son məhkəməni 9 avqust saat 16:00-a təyin edib.

Xatırladaq ki, Azərbaycanda hakimiyyətin kütləvi həbslər gerçəkləşdirdiyi dini camiədə Şiələrin həbsi 2022-ci ilin sonlarında olduqca intensiv hal alıb. Hüquq müdafiəçiləri bu sayın minin üzərində olduğu qənaətindədirlər. Bu sırada yer alan Ağa-Əli Yəhyayev 2023-cü il avqustun 31-də saxlanılıb. Bir gün haqqında ailəsinin məlumat ala bilmədiyi bu reperessiyalar sırasında sentyabrın 1-də narkotik ittihamı ilə saxlanıldığı bəlli olub.