"25 fəal inzibati həbs cəzası alıb"-AXCP

«Yanvarın 17-dən yanvarın 21-nə kimi siyasi fəallardan 38 nəfər saxlanıb».
 
Bunu müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) AzadlıqRadiosuna bildiriblər.
 
Partiyadan verilən məlumata görə, həmin 38 nəfərdən 11 nəfəri yanvarın 17-18-də, 27 nəfər isə yanvarın 19-20-si saxlanıblar.
 
38 nəfərdən 11 nəfərinin sonradan sərbəst buraxıldığı deyilir.
 
AXCP-dən verilən məlumata görə, qalan 27 nəfərdən 25 nəfərinə 10 sutkadan 25 sutkaya kimi inzibati cəza verilib, 2 nəfər isə cərimə cəzası və xəbərdarlıq alıb.
 
Saxlananların, əsasən, İnzibati Xətalar Məcəlləsində polisə müqavimət və başqa oxşar maddələrlə ittiham olunduğu qeyd edilir. Amma bütün bu məlumatları, hələlik, məhkəmələr və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
 
AXCP hesab edir ki, fəalların saxlanması Milli Şuranın yanvarın 19-da keçirdiyi aksiyanın kütləviliyinin qarşısını almaq məqsədinə xidmət edib. Bəzi fəalların isə yanvarın 20-də Şəhidlər xiyabanına ziyarət zamanı polislə yaşanan narazılıqda saxlandığı deyilir. AXCP hesab edir ki, həmin vaxt polis Milli Şura kolonunun kütləviliyinin qarşısını almaqdan ötrü fəallara yol boş ola-ola süni maneə yaradıb.
 
Şəhidlər Xiyabanının ziyarət zamanı bəzi şəxslərin saxlanmasını Daxili İşlər Nazirliyindən də təsdiq ediblər. Onlar isə baş verənləri bir qrup şəxsin Şəhidlər xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozması kimi dəyərləndirmişdi.
 
Yanvarın 19-da Milli Şura və bir sıra müxalif qüvvələr «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirib. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
 
Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqqer ittihamı qurama sayırdı.
 
Yanvarın 22-də isə Baş Prokurorluq bloqer barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.