AXCP sədri polis tərəfindən saxlanıldı

Müsavat Partiyasının qərargahında cərimələnmiş siyasi aktivistlərə dəstək marafonu zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya üzvü Ruslan Əmirov polis tərəfindən saxlanılıb. 
 
Məlumatı Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu yayıb. 
 
O bildirib ki, polislər Müsavat Partiyasının qərargahı önündə AXCP sədri Əli Kərimlini, onun mühafizəçisi Ruslan Amirovu və digər bir neçə nəfəri saxlayaraq, aparıblar. 
 
Jurnalistlər isə hadisə yerindən canlı yayım etməyə çalışarkən saxlanılıb. 
 
Saxlanılanların Binəqədi Rayon Polis İdarəsinə aparıldığı deyilir. 
 
Bu gün, iyunun 28-də Müsavat Partiyasının qərargahında "Repressiya və İşgəncələr Əleyhinə Komitə”nin təşkilatçılığı ilə qanunsuz cərimələnmiş ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi məqsədilə Həmrəylik Marafonu keçirilir.