Qəzzada daha bir jurnalist xəsarət aldı

Eastnews.org-un verdiyi xəbərə görə, Qəzza sərhədindəki "Böyük Qayıdış Yürüyüşü"nün doqquzuncu həftəsində keçirilən aksiyaları təqib edən Türkiyənin "Anadolu" xəbər agentliyi"nin  (AA) fotomüxbirinin İsrail əsgərlərinin müdaxiləsi nəticəsində xəsarət aldığı bildirilib.

Fotomüxbir Əli Cadallah (28) İsrail əsgərlərinin atdığı qaz bombası kapsulasının sinəsinə dəyməsi nəticəsində xəsarət alıb. Huşunu itirən Cadallah tibb işçiləri tərəfindən təcili yardım maşınıyla Qəzzadakı Şəfa xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra açıqlamasında İsrail əsgərlərinin Qəzzanın şərqindəki aksiyalara güllə və gözyaşardıcı qaz istifadə edərək, etdiyi müdaxilələrdə 86 nəfərin zərər çəkdiyini bildirmişdi.