ADNA-da terrordan 16 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş dəhşətli terror aktının ildönümüdür.

Bu qanlı hadisədən 16 il ötür.

2009-cu il aprelin 30-da Bakı şəhərində, Dilarə Əliyeva küçəsində yerləşən ADNA-nın ikinci tədris korpusunda baş vermiş bu faciə nəticəsində çoxsaylı insan həyatını itirib. Həmin gün Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Əsəd oğlu Qədirov binaya daxil olaraq birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançayla atəş açıb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qədirov sonda binanın yuxarı mərtəbəsində özünü güllələyərək intihar edib.

Bu ağır cinayətlə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb. Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, terror aktı əvvəlcədən planlaşdırılmış və sifariş edilmişdi. Hadisənin sifarişçisi kimi erməni əsilli Gürcüstan vətəndaşı, 1951-ci il təvəllüdlü Mardun Qumaşyan müəyyən edilib. O, Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub və barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun intihar etməsi ilə əlaqədar olaraq cinayət işinin onunla bağlı hissəsinə xitam verilib.

Cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslər – Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov 2010-cu il avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxs Ariz Qabulova isə 11 il həbs cəzası verilib.

Qeyd etmək lazımdır ki, 2015-ci il 3 sentyabrdan Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adı ilə fəaliyyətini davam etdirir.

 

 

Az.shafaqna.com