Həbsxanalarda yaşanan çoxsaylı qanun pozuntuları ara-sıra media səhifələrinə daşınsa da, qanunsuzluq, qohum çətiri altında qorunma problemlərin həll edilmədən davamına zəmin yaradır. Belə problemlərdən biri 2 saylı cəzaçəkmə müəssisəsində Mirtofiq Hüseynovla yaşanır.
Həqiqətdə bu müəssisə ilə bağlı bir neçə dəfə qanunsuzluqlar, rəis Vüsal Aslanovun addımları media səhifələrində işıqlanıb. Lakin müəssisə rəhbəliyi nəinki sadalanan problemlərin həllinə maraqlı olmayıb, hətta israrla bunların davamını icra edir.
Xüsusi olaraq bura köçürülən inanclıların həbsxanaya buraxılmadan karantin otağında saxlanılması, sonradan “qaydaların pozulması” bəhanəsi ilə karserə salınması və nəticədə ciddi qapalı rejimə köçürülməsi və ya yaxşı halda başqa həbsxanalara göndərilməsi Vüsal Aslanovun təcrübəsində yetərincədir. Penitensiar Baş İdarəyə edilən şikayətlər də, görünür, yüksək pilləli qoruma səbəbindən diqqətə alınmır.
Mirtofiq Hüseynov aprelin 4-də Apellyasiya şikayətinə görə 2 saylı müəssisədən 1 saylı istintaq təcridxanasına köçürülür. Bu ərəfədə inanclı xanıma qarşı 14-cü polis bölməsinin məlum hadisəsinə etiraz olaraq Mirtofiq də aclıq aksiyasına qoşulur. Görünür, rəhbərliyi onun bu addımı “narahat” edir deyə, aprelin 22-də məhkəməsi bitən inaclını bir daha həbsxanaya buraxmaq istəmir.
Məhkəməsi bitərək yenidən 2 saylı müəssisəyə qayıtmağa hazırlaşan M. Hüseynova köçürülmə günündə bildirilib ki, o, daha 2 saylı müəssisəyə qayıda bilməz. Vüsal Aslanov buna icazə vermir. Səbəbini soruşan inanclıya “belədir” deyilib.
“Hal-hazırda orada həbsxanaya buraxılmayıb, karantində saxlanılan bir inanclı günlərdir gözləyir. 10-dan çoxunu isə Vüsal Aslanov müxtəlif bəhanələrlə karantin otağından da geri çevirərək başqa zonlara göndərib. İndi də eyni oyunu mənimlə oynayır. Bu qanunsuzluğa nə zamana qədər ölçü götürən olmayacaq?” deyə M. Hüseynov bildirib.
O, V. Aslanovun addımlarına etiraz olaraq ötən gündən aclıq aksiyasına başlayıb və haqqlarının bərpasını tələb edir. Məsələ ilə bağlı M. Hüseynovun ailəsi də narahatlıqlarını ifadə edib. Ağır ankaloji xəstə anasının vəziyyəti pisləşib.
Mirtofiq Hüseynov: “Vüsal Aslanov özünü elə aparır ki, sanki müəssisə onun şəxsi mülkiyyətidir”