Tərlan Səyadov: “Mənim yeganə günahım var, o da mənim inanclı olmağımdır”

Aprelin 29-da Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə inanclı Tərlan Səyadovun növbəti məhkəmə iclası davam edib. Şahidlərin dindirilməsi ilə baş tutan məhkəməyə hadisənin hal şahidləri dəvət olunub.Onlar protokolda əks edilən fikirləri məhkəmə salonunda da bildirərək əlavələr etmədən izahatlarını təsdiqləyiblər.
Ardınca çıxış üçün Tərlan Səyadov söz alıb. “Cənab hakim, siz özünüzdə çox gözəl bilirsiniz ki, mən əqidəmə görə həbs olunmuşam. Mənim nəinki zindandan, heç ölümdən belə qorxum yoxdur. Bu yolda ölsəm şəhid, qalsam mübarizə aparan əsgərəm.
Bununla belə məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirəm. Təbii olaraq, haqqımda ədalətli qərar verilmədiyi halda mən də öz yöntəmimlə mübarizə aparacağam. O, həddə ki, ölkə başçısı ölkədə məmurların özbaşınalığını eşidə bilsin.
Mən günahsızam və şərlənərək saxlanılmışam. Heç bir halda günahsız həbsə salınmağımla razılaşmayacaq, son gücümə qədər mübarizə aparacağam. Qarşıdan H.Əliyevin doğum günü gəlir, hansı ki, o “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” söyləyib.
Biz də günahsız həbs olunmuşuq. Buna görə də ədalətli qərardan başqa heç nə istəmirik. Haqqımız olan azadlığımızı tələb edirik. Azərbaycan inanclısı bu xalqa yalnız fayda verə bilər ziyan yox.”
Məhkəmə qeyri müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Səyadov Tərlan Ağacan oğlu 2024-cü il 15 martda saxlanılıb və barəsində saxta narkotik ittihamı irəli sürülüb.