“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb. Bu barədə məlumatı onun vəkili Rəşad Əliyev yayıb.
Məlumata görə, bununla bağlı Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar çıxarılıb.
Bu günlərdə 9 il azadlıqdan məhrum edilmiş Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. Onun həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, jurnalistin bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb.
Müdafiəçiləri xəstəliyi ilə əlaqədar onun cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər.
Əvəz Zeynallı 2022-ci ilin sentyabrının 10-da, Elnur Şükürov isə bundan 3 gün sonra saxlanılıb.
Zeynallı əvvəlcə “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunsa da, sonradan işə başqa rüşvət alma ittihamları da əlavə edilib.
Jurnalist ümumilikdə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci, 311.3.3-cü və 311.3.4-cü (rüşvət alma külli miqdarda təkrar törədildikdə - ağırlaşdırıcı hallarda rüşvət alma) 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) ittihamları üzrə istintaqa cəlb olunub.
Elnur Şükürov isə qeyd olunan maddələrdən yalnız 178.2.1-ci, 32.4, 312.2-ci və 312-1.1-ci maddələri üzrə ittiham olunur. O, Əvəz Zeynallı əleyhinə ifadə vermədiyinə görə həbs edildiyini bildirib.
Hər iki jurnalist ittihamları rədd edib, həbslərini peşə fəaliyyətlərilə əlaqələndirib.
2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun çıxardığı hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azadlıqdan məhrum edilib.
Əvəz Zeynallı azadlığa buraxılıb