Bakıda saxta dini təriqət üzvüləri aksiya keçirməyə cəhd ediblər

Özünü “zühur etmiş” şəxs kimi qələmə verən saxta “Sülh və İşıq dini”nin (AROPL) üzvüləri şəhər daxilində aksiya keçirməyə cəhd ediblər. Təriqət üzvü olan Teymur Əliyev və Həsən Cavadov “28 Mall” ticarət mərkəzinin qarşısında 2 metr enində plakat açıblar. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb.

Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.

Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.

Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Əba Əl-Sadiqin qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər. 1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

Bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi. Onların saxta iddiaları içində Kəbənin Məkkə şəhərində deyil, Petrada olmasıdır.

Zamanla İslamın daxilində parçalanma və fikir ayrılığına səbəb olan bu tip təriqətlər yaradılma cəhdləri olsa da, sonunda uğursuzluğa düçar olmuşlar.