Səhhətində ciddi problemlər yaşayan siyasi məhbusun ailəsi məhkəməyə müraciət edəcək

15 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Seyfəddin Şirvanovun səhhətində ağırlaşmalar müşahidə olunur. Ötən ilin payızında infarkt keçirən siyasi məhbus ardıcıl müalicələr alsa da, durumunda ciddi irəliləyiş əldə edilməyib. Hətta ikinci dəfə infarkt riski altında inanclı bir dəfə də Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülərək ciddi müayinələrə alınıb.

Son günlər ailəsi onun səhhəti ilə bağlı narahatlıqlarının artdığını bildirir. Yeni dərmanlarla təchiz olunsa da, bu onun sıxıntılı ağrılar və təngənəfəslik problemini aradan qaldırmır. Ailə bunu əsəb gərginliyi, hərbi xidmətdə olan oğluna görə ata narahatlığı ilə də əlaqələndirirlər. Şirvanovun 5 övladı var və böyük oğlu hərbi xidmət çəkməkdədir.

2015-ci ilin dekabrından həbs həyatı yaşayan S. Şirvanov “26 noyabr Nardaran hadisələri”ndən sonra həbs olunan Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvlərindəndir. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Artıq 9 ildən çoxdur ki, həbs həyatı yaşayan inanclının durumunda yaşanan problemlər ailənin onun azadlığı ilə bağlı addımlar atmasını sürətləndirib.

Cəza müddətinin 3 hissəsini bitirən Şirvanov üçün ailə qalan 1 hissəyə görə məhkəməyə müraciət etməyə hazırlaşır. Hüquqi tərəflərin həlli prossesinə start verən yaxınları ürək problemi yaşayan Şirvanovun azad ediləcəyinə ümid edirlər.