Jurnalist Şəmşad Ağa saxlanılıb

Jurnalist Şəmşad Ağa fevralın 5-də gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.

“Gecə saat 2 radələrində müstəntiq və 7-8 maskalı polis əməkdaşı qapımızı döydü. Qapını açanda Şəmşadı gördüm. Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, komputeri, modemi, Şəmşada aid olan jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar. Hansı işlə bağlı tutduqları barədə bir söz demədi”, Şahid Ağayev Amerikanın Səsinə deyib.

Ötən il iyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Şəmşad Ağa üç il əvvəllədək “Toplum TV”də “Debat” verilişinin aparıcısı olub.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.

"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (o zaman polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunub.

2025-ci il yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.