İyulun 5-də İran xalqı növbəti prezidentini seçəcək. Hazırda Azərbaycanda, həmçinin Qərb mediasında türk-kürd əsilli namizəd Məsud Pezeşkianın qələbəsi nə qədər çox arzulansa da, İran dövlət ağlının sonda Səid Cəlilinin üzərində dayanacağı və ikinci turda məhz onun ağrısız qələbəsini təmin etmək üçün çalışacağı şübhə doğurmur.
Çünki Səid Cəlili – İran siyasətinin sabit antiqərbçi mövqeyi, strateji düşünmək qabiliyyəti və dayanıqlı xarakteriylə seçilən bu müdrik, ağıllı, olduqca səbrli və təmkinli, eyni zamanda savadlı və təmiz reputasiyalı siması ölkəsinin ən çətin vaxtında, nəhayət, kölgədən çıxarılaraq, siyasətin ön cəbəsinə atılır!
Xatırladaq ki, Səid Cəlili İran hərbi-siyasi elitasında general Qasım Süleymanidən sonra sağikən “Yaşayan şəhid” ləqəbini qazanmış ikinci adam, həmçinin dini lider Seyid Əli Xamenenin ən çox güvəndiyi, etibar etdiyi və buna görə də Qərblə aparılan nüvə danışıqlarında nümayəndə heyətinə rəhbər təyin etdiyi şəxsdir.
ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun 2014-cü ildə çap olunan “Çətin seçimlər” adlı kitabının “İran: sanksiyalar və sirlər” bölməsində də Səid Cəlili “Ayətullahın üstünlük verdiyi seçim” və “5+1 qrupu ilə nüvə danışıqlarında ölkəsinin mövqeyini sərt müdafiə edən şəxs” kimi xarakterizə olunur...
İndi - ABŞ-ın qlobal liderliyinə qarşı Çin-Rusiya ittifaqının dünyanın bütün geopolitik toqquşma nöqtələrində mübarizəsinin həlledici dönəmə daxil olduğu və ABŞ-ın da İranı bu ittifaqdan qoparmağa çalışdığı bir mərhələdə, hər iki ölkənin müttəfiqi sayılan İranda da prezidentliyə Qərb siyasətinin incəliklərini mükəmməl bilən və çətin situasiyalarda öz dövlətinin marqlarının qorunmasında da Qərb diplomatlarına “həyat və diplomatiya dərsi” keçmiş çevik bir siyasətçinin gətirilməsi təkcə İranın deyil, elə İranı özünə dost və qardaş bilən Azərbaycan və Türkiyənin, bütövlükdəsə İslam dünyasının nəfinə, xeyrinədir...
Həm türk, həm də kürd əsilli olduğu deyilən Pezeşkiyana Qərb mediasının “islahatçı” imicində böyük diqqəti isə qətiyyən xoş niyyətdən qaynaqlanmır və daha çox seçkidən sonrakı dönəmə, xüsusən də İran daxilində etnik zəmində qarşıdurma yaratmaq siyasətinə hesablanıb.
Qərbdə yaxşı bilirlər ki, Pezeşkiyanı məhz İranda 3 böyük etnosdan ikisi sayılan türkləri və kürdləri seçici aktivliyini təmin etmək üçün hakimiyyət özü yarışa buraxıb. Bununla belə, amerikalılar üçün ortada İran azərbaycanlılarının böyük sürprizlər yaratdığı 2009-cu il seçkilərindəki “Yaşıl Hərəkat” təcrübəsi də var. Yeri gəlmişkən, xanım Hillari Klinton sözügedən kitabında ABŞ-ın İrandakı 2009-cu il seçkilərinə aktiv müdaxilə etməməsinin və “Yaşıl Hərəkat”ı açıq şəkildə dəstəkləməməsinin böyük səhv olduğunu yazır və ABŞ-ın seçki günü müttəfiqləriylə bərabər prosesə sərt müdaxilə etməməsini peşimançılıq hissiylə vurğulayır...
Hazırda ABŞ-da xanım Klintonun işlədiyi komanda söz sahibidir: Bayden prezident, İranla danışıqların əsas iştrakçıları olan Börns MKİ direktoru, Cek Sallivan isə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirdir və onlar israrla İranı Çin-Rusiya ittifaqından qoparıb öz tərəflərinə çəkməyə çalışırlar. Sözsüz ki, ABŞ-ın bu məqsəd üçün 5 iyuldan sonrakı dövrə planı var və bu planda İranda seçkilərin nəticələri üzərində kütləvi iğtişaşların təşkili və onun etnik zəmində qarşıdurma həddinədək yüksəldilməsi işi də öndə olacaq...
Bax, çoxillik İran dövlətçiliyi ənənələri və dövlət ağlı da bu mərhələdə öz sözünü deməlidir və deyəcək də!
İlk turda geri çəkilən və uduzan namizədlərin Səid Cəliliyə açıq dəstək çağırışları göstərir ki, İran dövləti Qərbin seçkisonrası məkrli planlarından tam məlumatlıdır, keçmiş prezidentlərinin həyatına son qoymuş qəfil vertolyot qəzasını ABŞ-ın İrana müdaxilə fürsətinə yox, İranı yeniləşməyə və inkişafa götürəcək yeni bir imkana çevirməyə qərarlıdır...
Görək, elmi işi “Peyğəmbərin xarici siyasəti” olan Səid Cəlili İran siyasətinə, İranın qonşuları və “Vilayəti-Fəqih” sistemini çökdürməyə çalışan Qərblə münasibətlərə nə kimi yeniliklər gətirəcək?!
Allah doğru yolda olana kömək olsun!
İranda seçkilərin təhlili - Elxan Şükürlü ilə