Yuliya Navalnaya İnsan Haqlarının Müdafiəsi Fondunun sədri seçilib

Beynəlxalq insan haqları təşkilatı Human Rights Foundation (HRF) Yuliya Navalnayanın fonda yeni sədr təyin olunduğunu bəyan edib. Fondun mətbuata açıqlamasında rusiyalı müxalifət lideri Aleksey Navalnının dul həyat yoldaşının bu vəzifədə Qarri Kasparovu əvəz edəcəyi deyilib.

Navalnaya açıqlamasında "Diktaturaların bizim sevdiklərimiz və bütövlükdə dünya üçün yaratdığı təhlükənin şəxsən şahidi olmuşam və İnsan Haqları Fondunun sədri vəzifəsini üzərimə götürməkdən şərəf duyuram" deyib.

O, həmçinin qeyd edib ki, indiki çətin dövrdə fundamental hüquq və azadlıqların qorunması hər zamankından daha vacibdir.

Kasparov fonda 2012-ci ildən rəhbərlik edib.

2005-ci ildə əsası qoyulan və Nyu-Yorkda yerləşən İnsan Haqları Fondu bütün dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır.