Bu gün Hafiz Babalıdan yazıram.
Hafiz Babalı iqtisadçıdır. Öz işinə, öz peşəsinə vicdanla, məsuliyyətlə yanaşan adamdır. Onu Abzas Media işi ilə bağlı “qaçaqmalçılıq” ittihamı ilə tutublar. Şübhəsiz ki, Hafiz bəy qaçaqmalçı deyil. Onu elə əsl qaçaqmalçılar, bu ölkənin milyardlarını milyardları əyri yolla xaricə daşıyanlar, büdcə talançıları, tender dəllalları, qiymət şişirdənlər, bütün bu əyri işlərin xaç atası İlham Əliyev tutdurub. Artıq 7 aydan çoxdur Hafiz Babalı saxta ittihamla həbsdə saxlanılır.
Hafiz bəyi çoxdan tanıyıram, sadə, mütəvazi, savadlı, intellektli, peşəkər bir iqtisadçıdır. İqtisadi maarifçilikdə onun müstəsna xidməti var. Uzun müddət Turan İA-nin iqtisadi xəbərlər şöbəsinin rəhbəri kimi iqtisadi icmallarını hazırlayır, korrupsiya araşdırmaları aparırdı. Tutulmağının da səbəbi budur. Hafiz Babalı saf, büllur kimi təmiz, doğru-dürüst bir adamdır. Gördüyü bütün xeyirli işlərin mükafatını öz vicdanından gözləyən təmənnasız bir ziyalıdır. Hər dəfə Turan agentliyə gedəndə onunla maraqlı söhbətlərimiz olurdu. O, yalnız iqtisadçı deyil, həm də araşdırmaçı jurnalistdir. Həbsindən sonra hakimiyyətin ruzinamələri, DİN-in hazır hal şahidləri funksiyasını yerinə yetirən yalaq saytlar onun əleyhinə çox yazdılar, ona böhtan atdılar, onu törətmədiyi əməldə suçladılar.
Araşdırmalarının birində Hafiz Babalı deyirdi: Niyə Azərbaycanda yollar dünyanın başqa ölkələrində tikilən yollardan baha başa gəlir? Necə olur ki, su-kanalizasiya sisteminin yenidən qurulmasına vəsait ayrılır, amma yağış yağanda yenə Bakını sel-su aparır? Dövlət büdcəsindən sosial inkişafa pul xərclənir, amma vətəndaş bu pulların bəhrəsini görə bilmirsə, günah kimdədir? Ekspertlər deyir ki, bu sualların cavabının bir qismi dövlət satınalmalarında şəffaflığın təmin edilməməsi ilə bağlıdır. Elə saxta ittihamla tutulmasının səbəbi də bu ritorik sullardır və bu suallar bilavasitə hakim ailəyə və hakim elitaya aid məsələlərdir. Hafiz Babalı sözün tam mənasında hakimiyyətin qohum-əqrəba daxilində tender oyunlarını, dövlət satınalmalarında qiymətlərin şişirtməsini, şəbəkələşmiş korrupsiya əməllərini ilmə-ilmə sökürdü, astarın üzünə çevirirdi. O, yüksək vəzifəli şəxslərin, nazirlərin qanuna zidd olaraq biznes fəaliyyəti ilə məşğul olması, İlham Əliyevin nazir oliqraxları dəstəkləməsi haqqında son dərəcə maraqlı faktları ictimailəşdirmişdi.
Onun araşdırmalarının biri belə idi:
“Dövlət adamına dövlətin yardımları”.
Orada deyilirdi: “Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılan, “Region Aqro” MMC-nin istifadəsinə verilib. Nizamnamə kapitalı 10 manat olan şirkətə. Torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpaq münbitləşdirilib. Aqroparkın yaradılmasına 6 milyon manat kredit ayrılıb.” Diqqət yetirin: Nizamnamə kapitalı 10 manat olan şirkətə 6 milyon manat kredit ayrılıb. O səbəbə ki, sahibi Prezident aparatının məsul işçisidir. Hafiz bəy belə maraqlı məsələlər qoyurdu ortaya. Satınalmaların şişirdiləməsi ilə bağlı Hafiz Babalının silsilə araşdırmaları var. Bu araşdırmalarda o, bu ölkənin necə sökülməsinin, necə dağıdılmasının mənzərəsini qoyurdu ortaya. Hafiz bəy pul silmək üçün yaradılan bir neçə günlük şirkətlərin hamısının hakim elitaya bağlı olduğunu sənədlərlə qoymuşdu ortaya.
Hafiz Babalı öz araşdırmaları ilə üzə çıxarmışdı ki, Azərbaycanda ildə saxta tenderlər və dövlət satınalmalar vasitəsilə büdcədən külli miqdarda pul mənimsənilir: "Söhbət yüz milyonlardan gedir.” Hafiz bəyin həbsinin əsas səbəbi də xalqdan oğurlanan bu yüz milyonları üzə çıxarmasıdır. Qalanlar böhtandır. Bunların sifəti dana dərisindən hazırlanmış şatırı çarıqdan da sürtükdür. Utanıb-qızarmadan Hafiz bəy kimi təmiz insana qarşı “qaçaqmalçı”, Professor Qubad İbadoğlu kimi dünyada tanınan alimə qarşı saxta pul kəsmək, ölkənin ən dürüst adamı Tofiq Yaqubluya qarşı saxta sənəd satan, iki əli də iflic olan Famil Xəlilova qarşı narkotika alverçisi ittihamı irəli sürüblər.
Cəmil Həsənli
Milli Şuranın sədri
Hafiz Babalını əsl qaçaqmalçılar tutdurub