Azərbaycanlı zəvvarların Hacc ziyarəti başa çatıb

Azərbaycanlı zəvvarların Hacc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Hacc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: “Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək”.

V.Cahangiri həmçinin bildirib ki, builki Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün çox rahat və təhlükəsiz başa çatıb.

Qeyd edək ki, builki Hacc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılmışdı. Zəvvarların ilk qrupu iyunun 4-də təyyarə ilə Bakıdan Səudiyyə Ərəbistanına yola düşmüşdü. Zəvvarlar iyunun 16-17-də ziyarətdə Qurban bayramını qeyd ediblər.

Xatırladaq ki, Azərbaycanda Hacc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları idi.