Rəsmi Bakı Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin Azərbaycanın razılığını almadan hesabat dərc etməsini ədalətsiz hesab edir

İyulun 4-də Azərbaycan Xarici İşər Nazirliyi (XİN) Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin bəyanatının yayılmasından təəssüfünü bildirib.

Xarici İşlər Nazirliyi Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) Azərbaycanın razılığı alınmadan 2022-ci ildəki xüsusi səfərlə bağlı hesabatı tam şəkildə dərc etməsini "əvvəllər presedenti olmayan qərar" adlandırır.

"Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır", Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Azərbaycan XİN Komitənin tövsiyələrinin hər zaman nəzərə alındığını qeyd edir, bu qərarın Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul olunmasının xüsusilə təəssüf doğurduğunu bildirir.

"Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik.

Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir", açıqlamada qeyd edilir.

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.

“Təəssüf ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və pis rəftar halları davam etməkdədir”, Komitənin icraçı katibi Hyu Çetvind bildirib və əlavə edib ki, 20 ildən artıqdır Azərbaycan hakimiyyəti Komitənin tövsiyələrini icra etmir.

Azərbaycan Daxili İşlər Nazirliyi Komitənin bəyanatı ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub. AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi ilə əlaqələndirib.

Azərbaycanın nümayəndə heyəti hələ yanvar ayında səlahiyyətlərinin təsdiqlənməməsini Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.