Daha bir ölkə Fələstini dövlət kimi tanıdı

Ermənistan Fələstini rəsmən tanıdı. Rusiyanın rəsmi xəbər agentliyi TASS Ermənistan Xarici İşlər Nazirliyinin Fələstini tanıdığını açıqlayıb və bildirib ki, “Ermənistan müxtəlif beynəlxalq platformalarda Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini həmişə müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləyib."

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın Fələstin Dövlətini rəsmən tanıdığını açıqlayıb.

Bəyanatda Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Qəzzada dərhal atəşkəs qərarını dəstəklədiyi və Fələstin ilə İsrail arasındakı münaqişənin iki dövlət əsasında həllinin tərəfdarı olduğu bildirilib.

Ermənistan dövlət radiosunun Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin bəyanatında deyilir: “Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə beynəlxalq siyasi gündəmin əsas məsələlərindən biridir. Ermənistan Respublikası mülki infrastruktura hücumları və mülki əhaliyə qarşı zorakılığı pisləyir”.

Mayda İspaniya, İrlandiya və Norveç Fələstini rəsmən tanıdıqlarını bəyan ediblər.

İspaniyanın baş naziri Pedro Sançes "Fələstin dövlətinin sülhə aparan yeganə yol olduğunu" deyib.