"Kanal-11"in rəhbərinin işi üzrə məhkəmə prosesi keçirilib

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun cinayət  işi üzrə məhkəmə prosesi davam edib.

 İclasda vəkil Nemət Kərimli məhkəmə tərkibinə etiraz edib və bunu hakimlərin qərəzlilik nümayiş etdirməsi ilə izah edib.

"Səbəb ondan ibarətdir ki, sentyabrın 27-də məhkəmə prosesində sədrlik edən hakim iş üzrə zərəçəkmişi istiqamətləndirib. Həmin zərəçəkən isə vəkilin, konkret olaraq mənim suallarıma cavab verməkdən imtina edib", deyə vəkil Turan Agentliyinə bildirib. Lakin məhkəmə vəkilin etirazını təmin etməyib.

Daha sonra Teymur Kərimov özü polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Lakin məhkəmə bununla bağlı vəsatəti də təmin etməyib.

Vəkilin sözlərinə görə, növbəti iclas noyabrın 4-nə təyin edilib.

* Teymur Kərimov 2023-cü ilin dekabrında Azərbaycan CM-in 182.2.2 (hədə-qorxu yolu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.