Əli Kərimlinin işi üzrə məhkəmə yenə təxirə salınıb

AXCP lideri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu dəfə iclas ay yarım təxirə salınıb.

İclas oktyabrın 22-də keçirilməli idi, lakin son anda ona bildiriblər ki, xüsusi ittihamçının xahişi ilə dinləmələr "bir neçə gün" təxirə salınıb. Sonradan məhkəmədən bildiriblər ki, iclas dekabrın 2-nə təyin edilib.

AXCP-də iclasın təxirə salınması "siyasi qərar" kimi qiymətləndirilib. Partiyada hesab edirlər ki,  hakimiyyət COP29 ərəfəsində Kərimlinin işi üzrə məhkəmə iclaslarının keçirilməsini istəmir. Bu iclaslar zamanı məhkəmə binasının qarşısında etiraz aksiyaları keçirilir.

Digər tərəfdən, COP29 ərəfəsində, beynəlxalq diqqətin ölkənin üzərində cəmləşdiyi bir vaxtda müxalifət liderinə qarşı məhkəmə Azərbaycan hökumətinin tənqidi üçün daha bir bəhanə olacaq.

Aydındır ki, məhkəmə iclasının təxirə salınması məhz bununla bağlıdır ki, proses COP29 başa çatdıqdan sonra davam etdirilsin.

* AXCP-nin keçmiş üzvü Aydın Əliyev Kərimlinin Azərbaycan Cinayət Məcələsinin  147.1-ci (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.

İddiaçı məhkəmənin Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarını Aydın Əliyevin şikayətindən sonra ləğv etməsilə bağlı Kərimlinin şərhini "böhtan" adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi həmin şəxsin şikayəti əsasında 24.06.2023-cü il tarixli qurultayda 287 "lehinə",  bir  "əleyhinə" səslə qəbul edilmiş qərarları etibarsız sayıb".

Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi" ilə məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Əli Kərimli 6 ayadək azadlıqdan məhrum oluna bilər.

 

 

Turan.az