"Gürcüstan hakimiyyətinin qiyam yolu ilə qəsb olunması planlaşdırılıb” - Gürcüstan Baş Prokurorluğu

Gürcüstan Baş Prokurorluğunun nümayəndəsi Koka Katsitadze iyulun 4-də keçirilən etirazlarla bağlı açıqlama verib.
 
Bu barədə Azadlıq Radiosu xəbər verib.
 
Açıqlamada deyib ki, onun təmsil etdiyi qurum Tbilisidə iyunun 20-21-də keçirilmiş etirazları "ayrı-ayrı insanların dövlət hakimiyyətini qəsb etməsi planının bir hissəsi” hesab edir və etirazçılara qarşı ittiham Cinayət Məcəlləsinin daha ağır maddələrinə keçirilib:
 
"Hazırkı mərhələdə onlarca şahidin verdiyi ifadələrin, keçirilmiş əlavə istintaq tədbirlərinin və əldə olunmuş sübutların təhlili prokurorluq orqanlarını belə bir nəticəyə gətirib ki, iyunun 21-ə keçən gecə ayrı-ayrı adamlar tərəfindən dövlət hakimiyyətinin qiyam yolu ilə qəsb olunması planlaşdırılıb”.
 
Onun sözlərinə görə birinci mərhələdə etirazçıalrın parlamentin binasını ələ keçirməsi planlaşdırılmışdı və bundan sonra "hakimiyyətin qəsb olunması” üçün başqa hərəkətlər nəzərdə tutulmuşdu.
 
Katsitadze deyib ki, "bu planların qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb”.
 
Xəbər verilir ki, bununla əlaqədar olaraq 20-21 iyun etirazları ilə bağlı işin maddəsi 225-dən (kütləvi iğtişaşların törədilməsi) 315-ci maddəyə (ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi üçün qəsd və qiyamın təşkili) dəyişdirilib.
 
İyulun 4-də bu da xəbər verilir ki, "Müzəffər Gürcüstan”, "Avropa Gürcüstanı” və Vahid Milli Hərəkatın liderləri – Irakli Okruashvili, Gigi Ugulava və Georgi Baramidze iyunun 20-21-i etirazları ilə bağlı ifadələrinin alınması üçün Gürcüstan Daxili İşlər Nazirliyinə çağırılıblar.