Partiyalar Tbilisidəki etirazlarla bağlı qətnamə hazırlayıb

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu Tbilisidə iyunun 20-21-də baş vermiş hadisələrlə bağlı qətnamə layihəsi hazırlayıb.
 
Bu barədə "Report.az" xəbər verib.
 
Xəbərə görə, parlament çoxluğunun lideri Gia Volski sənədin qeydiyyata alındığını bildirib.
 
On maddədən ibarət qətnamədə bildirilib ki, iyunun 20-21-də hakimiyyət azad fikir ifadə etmə və dinc aksiyanın keçirilməsi ilə bağlı maksimum sərbəstlik təmin edib.
 
Sənəddə ayrı-ayrı siyasətçilərin vətəndaşların etirazını öz məqsədləri üçün istifadə etməsi pislənilib və polisin güc tətbiq etməsinin qanuni olduğu vurğulanıb.
 
Müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) da qeyd olunan hadisələrlə bağlı beş maddədən ibarət qətnamə layihəsi təqdim edib. Sənəddə bildirilib ki, Rusiya Dumasının üzvü Sergey Qavrilovun sədrliyi altında Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası dövlət maraqlarına qarşı yönəlib.
 
VMHP S.Qavrilovun Gürcüstana səfərini təşkil edən rəsmi şəxslər və partiya üzvü Nika Melianın deputat mandatının dayandırılmasının lehinə səs verən deputatların "Qavrilov siyahısı”na daxil edilməsi və onlara qarşı sanksiyaların tətbiq olunmasını tələb edib.