Gürcüstanda çadra,niqab və burka qadağan edilə bilər

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində ictimai yerlərdə çadra, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
 
"Report”un xəbərinə görə, sənədin müəllifi olan Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.
 
E.Kvitisiani qanun layihəsindən çadra sözünün çıxarıldığını deyib. O, bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu qeyd edib.
 
Deputat Anri Oxanaşvili qanun layihəsinin daha geniş formatda müzakirə olunmasının tərəfdarı olduğunu deyib: "Biz multietnik cəmiyyətdə yaşayırıq və bir-birimizin hüquqlarına hörmətlə yanaşırıq. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmalıyıq”.
 
Parlament üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, təklif olunan qanun layihəsi insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdırır.
 
Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirdiyini deyib: "Niqab və burkaya gəlincə, deyə bilmərik ki, İslamda qadınların bu geyimlərdə olması qəti şərtdir. Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtülməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur”.
 
GMİ sədri əlavə edib ki, niqab və burkanın qadağan olunması ilə bağlı qanun qəbul olunarkən onun insan haqları, din və inanc azadlığına qarşı olmamasına diqqət yetirilməlidir.
 
İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sofio Kiladze qanun layihəsinin işçi qrup formatında müzakirə olunmasını təklif edib.
 
Sənədin növbəti müzakirəsi yanvarın 21-nə təyin olunub.
 
Qanun layihəsinə əsasən, meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub.
 
Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.