"Polis hicabı başımızdan çıxardı, zorlamaqla təhdid etdi"

Avqustun 15-də Binə qəsəbəsində saxlanılan inanclı qadınlar polis bölməsində fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını deyiblər. 

"Meydan TV"-yə danışan Nigar Bağırova deyib ki, həmin gün İmam Hüseynin adına ehsan paylayıb, sonra Fələstin üçün şüarlar səsləndiriblər. Bu zaman polis onlara və övladlarına hücum edib.

"Polislər üzərimizə hücum edərək bizə zorakılıq göstərdi. Uşaq ağladığına görə onu sakitləşdirməyə çalışdım, polislər bizi sürüyərək, maşına salmağa çalışdılar və polis bölməsinə aparıldıq. Orada polislər bizi çılpaq soyundurmaqla və zorlama ilə təhdid etdilər", - o bildirib. 

Bağırovanın sözlərinə görə, polislər saxlanılan şəxslərə oxumağa imkan vermədən zorla sənədlər imzalatdırıblar. Həmçinin, onun başından hicabını zorla açıblar. Digər saxlanılan şəxs Şəhla Fərəcovanın uşaqlarını isə ondan ayıraraq naməlum yerə aparıblar. 

“Polisin etdiyi qanunsuzluğa etiraz etdikdə məni təhdid etdilər ki, ağzımı yapışqan lentlə bağlayacaqlar. Aytən adlı qadın və mənim hicabımı zorla başımızdan çıxartdılar”, - o əlavə edib. 

Bağırova daha sonra deyib ki, saxlanıldıqdan sonra evində axtarış aparılıb:

“Təxminən 20 polis var idi, aralarında qara maskalılar, Anar adlı müstəntiq də iştirak edirdi. Vəkil isə axtarışda yox idi. Evimizin çölündə müşahidə kamerası var. Onu və modemi sökdülər, evin işıqlarını söndürdülər. Özləri ilə gətirdikləri çap materiallarını, yaddaş kartını mənim əşyalarım kimi təqdim edərək müsadirə etdilər”, - o xatırlayıb. 

Bağırova qeyd edib ki, evindən özünə məxsus şəxsi əşyalarını - kitablarını, planşetini, dini bayraqları da götürüblər. Onun sözlərinə görə, axtarışdan sonra yenidən müvəqqəti saxlanma yerinə aparılıb və yolboyu maska taxmış Seyid adlı polisin təhdid və təhqirlərinə məruz qalıb:

“Ora gətirildikdən sonra zərərçəkən adı ilə 3 qadın gətirdilər və üzləşmə apardılar. Dedilər ki, guya biz onlara hücum etmişik. Qadınlardan biri İlham Əliyevi tərifləyirdi, deyirdi ki, “sənin uşağın yoxdur, mənim isə iki uşağım var. Niyə uşaqpulu tələb edirsən? Mən uşaqlarımı yaxşı saxlayıram"", - o deyib. 

Bağırova xatırlayır ki, özünü zərərçəkən kimi təqdim edən qadınlardan biri onların qadına və uşağına hücum etdiyini iddia edib.

Onun sözlərinə görə, saxlanılan digər qadınlar – Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova və Arzu Hüseynova, ümumiyyətlə, hadisə yerində olmayıblar. Lakin onların da evlərində axtarış aparılıb.

“Biz ölkədəki haqsızlıqlara, Tərtər cinayətlərinə, qazilərin intiharlarına, bahalığa, uşaqpulunun verilməməsinə etiraz etmişik. İlham Əliyev bizim vətənimizi talayır, sərvətimizi oğurlayır, millət pis vəziyyətdə yaşayır”, - deyə N.Bağırova izah edib. 

O əlavə edib ki, həmin gün eyni zamanda İsrailin Fələstinə qarşı müharibəsinə də etiraz etməyi özlərinə borc biliblər:

“İsrail Fələstinə yardım göstərilməsinə imkan vermir, uşaqlar aclıqdan həyatını itirir. Azərbaycan dövləti də Fələstinə hümanitar yardım göndərir. Lakin İlham Əliyev siyasətçidir, özünü sülhsevər kimi göstərir. Deyir ki, guya din azaddır. Bəs niyə bu qədər dindar həbs olunub? Deyirlər ki, guya İlham Əliyevin ölkədəki vəziyyətdən xəbəri yoxdur. Keçmişdə padşahlar sadə paltar geyinib, xalqın problemləri ilə maraqlanardı. İndi internet dövrüdür, necə yəni xəbəri yoxdur?", - o sual edib. 

Digər saxlanılan şəxs Şərqiyyə Sadıqova deyir ki, özü İmam Hüseynin ehsan mərasimində iştirak etməyib, lakin qoğal göndərdiyi üçün həbs olunub. 

“Dedilər ki, kimin gücü nəyə çatırsa etsin. Mənim də gücüm qoğala çatdı. Ehsan üçün 44 qoğal bişirib, göndərdim. Evdə dərs keçən zaman xəbər gəldi ki, Şəhla xanım tutulub, uşaqlarını döyüblər, içimə bir hiss doldu ki, bizə də gələcəklər. Yenə də daxili rahatlığımı pozmadım. Çünki idealım olan şəxslər – imamlar, peyğəmbərlər bu yoldan keçiblər”, - o, "Meydan TV"-yə deyib. 

Bir neçə saat sonra 10-dan çox maskalı polis Sadıqovanın evinə doluşub onu həbs ediblər. O deyir ki, mənzilinə ona aid olmayan dini əşyalar yerləşdiriblər:

“Sehrbaz kimi evdən bizə aid olmayan əşyaları - “ya Hüseyn” yazılmış yaddaş kartları, disklər tapdılar. Təkid edirdilər ki, evə yerləşdirdikləri bu əşyalarla şəkil çəkdirim, mən etiraz etdim”, - o vurğulayıb. 

Ş.Sadıqova deyir ki, Xəzər Rayon Polis İdarəsində dindirilərkən vəkillə təmin olunmayıb. Müstəntiq ondan Azərbayxan hökumətinə niyə etiraz etdiklərini və Fələstinə niyə dəstək olduqlarını soruşub.

“Cavabında hicablı halda şəxsiyyət vəsiqəsində fotonun olmasını istədiyimi və Aşura mərasimində 14 yaşdan balaca uşaqların da məscidə buraxılmasını istədiyimi dedim. Mən dinimi azad şəkildə yaşamaq istəyirəm. Hicablı xanımlar fotoda saçları göründüyü üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilmirlər. Vəsiqənin vaxtı bitəndə gedib, dəyişmirlər. Beləcə, biz cəmiyyətdən təcrid olunuruq”, – Sadıqova bildirib.

O, müsahibəsində heç bir təqsirinin olmadığını deyib və azadlıq tələb edib:

“Biz kasıb ailəyik. Mən müəllimlik edərək, ailəmə dəstək oluram. Himayəmdə 2 və 3 yaşlarında iki oğlum var. Birinin əqli geriliyi var. Oğlumun yanında olmamağım onun üçün travmadır. Özüm ömürlük əliləm, sağlamlığımın 50 faizini itirmişəm. Azadlığa çıxıb, uşaqlarıma qovuşmaq istəyirəm”.

Digər saxlanılan şəxs Aytən İbrahimova polis maşınına mindirilərkən özünün və uşağının qəsdən qapı arasında saxlanıldığını deyib. 

“Bir onu gördüm ki, bizi polis maşınına çırpdılar. Məni, Şəhlanı və onun 2 azyaşlı övladını PPX maşınının arxa qapısının arasında sıxdılar. Dedim ki, imkan verin, heç olmasa ayağımızı maşının içərisinə qoyaq, sonra qapını örtün. Təxminən 10 dəqiqə qapının arasında əzməyə davam etdilər, yazıq uşaqlar nəfəs ala bilmirdilər. Qollarımda və kürəyimdəki göyərtilər o zaman yaranıb”, – İbrahimova deyib.

A.İbrahimova deyib ki, hansı əsaslarla saxlanıldığını yalnız hakim qarşısına çıxarılarkən öyrənib: 

“Polis bölməsində 5-6 polislə bir otaqda saxlanıldım. Məni məsxərəyə qoyurdular, təhqir edirdilər. Deyirdilər ki, sizə Xomeyni lazımdır? Özünüzü onlar üçün öldürürsünüz? İranı söyürdülər. Deyirdilər ki, gedin, İranda yaşayın. Ələ salıb, gülürdülər." 

Əməliyyatçılar onun da evində vəkilin iştirakı olmadan axtarış aparıb:

“Xəzər Rayon Polis İdarəsindən çıxarılan zaman polis mənim və Nigarın üzərinə yeridi, əl atıb niqabımızı başımızdan çıxardı. 20 nəfər polisin içərisində üzərimizə qışqırdı ki, “açın da bunu başınızdan, bu nədir?” Onun buna nə haqqı var idi? Hamısını Allaha həvalə edirəm”, – A.İbrahimova deyib. 

“Məni otaqların birində, uşaqların yanında saxladılar. Polislərdən biri də otaqda idi. Evdən yaddaş kartı, mikrokart götürdülər. Halbuki, mən nə o kartları götürmüşəm, nə içindəkilərdən xəbərdaram. Evdən götürülənlərlə fotomu çəkdilər”, - o əlavə edib. 

A.İbrahimova qeyd edib ki, polis bölməsində tanımadığı iki qadın onun üzünə duraraq əleyhinə ifadə verib:

“Biri yaşlı, digəri nisbətən cavan qadın məni təhqir edir, söyürdülər. Deyirdilər ki, guya mən onların bacısını döymüşəm. Elə şey baş verməyib. Mənə xeyli kağız imzalatdırdılar, amma heç birini oxumağa qoymadılar. Kağızı təzyiq altında imzaladım. Sonra üzümə duran həmin iki qadınla mənim şəklimi çəkdilər”.

Nigar Bağırova, Aytən İbrahimova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova və Şəhla Fərəcova barəsində avqustun 16-da Xəzər Rayon Məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Onlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar,  silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.