Ermənistanın Gümrü şəhərində şənbə günü həm Rusiya hərbi bazasına dəstək, həm də onun çıxarılmasını tələb edən etiraz aksiyaları baş tutub. Aksiyalar güclü polis nəzarəti altında keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, polis hərbi bazaya aparan bütün yolları bağlayıb.
“Mother Armenia” təşəbbüsünün üzvləri və Ermənistan Kommunist Partiyası nümayəndələri ayrı-ayrılıqda, lakin eyni vaxtda Rusiya hərbi mövcudluğunu müdafiə edən aksiyalar təşkil ediblər. Kommunistlərin Anayurd (Mother Armenia) memorialında keçirdiyi aksiya zamanı partiya üzvləri ilə bələdiyyə işçiləri arasında mübahisə yaranıb.
Daha sonra qərbyönümlü qruplar bazanın çıxarılması tələbi ilə aksiya keçiriblər. Onlar hərbi bazaya aparan nəzarət-buraxılış məntəqəsi yaxınlığında toplaşaraq Rusiya qoşunlarının Ermənistanı tərk etməsini tələb ediblər. “Azadlıq Radiosu”nun məlumatına görə, həmin vaxt bazanın içərisindən ucadan erməni və rus musiqiləri səsləndirilirib.
Qərbyönümlü aksiyanın təşkilatçısı, “Respublika Uğrunda” partiyasının rəhbəri Arman Babacanyan çıxışında Rusiya hərbi bazasını “rüsvayçılıq” adlandırıb və onun çıxarılması üçün atıla biləcək addımları sadalayıb.
“Düşünürəm ki, baş verən proseslər, o cümlədən geosiyasi dəyişikliklər hakimiyyəti bu istiqamətdə addım atmağa məcbur edəcək. Əgər etməsələr, biz bu məsələnin seçki gündəliyinə salınmasına nail olacağıq və xalqın rəyini nəzərə almağa məcbur edəcəklər”, – deyə Babacanyan bildirib.
Etirazda iştirak edən Vanadzor Helsinki Vətəndaş Assambleyasının rəhbəri Artur Sakunts isə Ermənistan dövlət büdcəsindən hərbi bazanın maliyyələşdirilməsinin dayandırılmasını tələb edib.
Rusiya ordusunun Gümrüdəki 102-ci Hərbi Bazası ilk dəfə 1940-cı illərdə yaradılıb. Hazırda burada 3 mindən çox rus hərbçisinin yerləşdiyi bildirilir və bu baza Moskvanın Cənubi Qafqazdakı əsas əməliyyat mərkəzi hesab olunur.
Baza əvvəllər də bir sıra qalmaqallarla gündəmə gəlib. Onlardan biri də rusiyalı hərbçi Dmitri Setrakovun Ermənistan hökumətinin məlumatı olmadan Gümrüdən Rusiyaya aparılması iddiaları olub.
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazasına dəstək, həm də onun çıxarılmasını tələb edən etiraz aksiyaları baş tutub