'İlham Əliyevə xarici düşmən obrazı çox vacibdir'

Prezident İlham Əliyev ötən həftə Kəlbəcərə səfəri zamanı deyib ki, hər an müharibəyə hazır olmaq lazımdır. Uzun illər "düşmən", "müharibə" ritorikasını Ermənistanın ünvanına işlədən dövlət başçısı hazırda regionda bu ölkə ilə sülh danışıqları apardığı vaxtda müharibə ritorikasını kimə ünvanlayır? Siyasi təhlilçilər hesab edir ki, onun nitqində önəmli olan "düşmən" obrazının yaradılmasıdır, ünvan o qədər də əhəmiyyətli deyil.

Avqustun 21-də Kəlbəcərdə sakinlərlə görüşündə prezident Əliyev silahlanmada, qüvvələrin artırılmasından da danışıb: "İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib".

Fuad Şahbazov

Fuad Şahbazov

"Rusiyanı nəzərdə tutur"

Siyasi tədqiqatçı Fuad Şahbazov düşünür ki, Xəzər dənizi ilə bağlı vurğu vurulması onu deməyə əsas verir ki, burada Azərbaycana qarşı yönələn təhlükə mənbəyi kimi Rusiya nəzərdə tutulur. Şahbazov Rusiya ilə ötən ilin sonlarından gərginləşən münasibətləri xatırladır. Təhlilçi əlavə edir ki, indi tərəflərin bir-biri ilə hərbi toqquşmaya gedəcəyi real görünmür, amma Rusiyada hökumətə yaxın şəxslərdən Azərbaycana qarşı açıq təhdidlər səslənir: "Misal üçün, sonuncu olaraq Qurulyov - keçmiş general və hazırkı Dumanın üzvü - "Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat hər an Qafqazda da başlaya bilər" deyəndə, təbii ki, Azərbaycan nəzərdə tutulur... Təbii ki, bu anlamda Azərbaycan prezidentinin təhlükəsizliklə bağlı xəbərdarlığı olduqca, mənə görə, rasionaldır. Biz hələ bir müddət daha Rusiya tərəfindən Azərbaycana qarşı bu cür açıq formada təhdidlərin şahidi olacağıq. Həm Azərbaycana, həm də Rusiyada yaşayan Azərbaycan diasporunun tanınmış ictimai fiqurlarına qaşı hücumların şahidi olacağıq. Əsas məsələ, təbii ki, burada Xəzər hövzəsindəki təhlükəsizlik məsələsi olacaq. Azərbaycan üçün, Qafqaz üçün, Mərkəzi Asiya üçün Xəzər hövzəsi enerji mənbəyidir, həm də əsas ticarət dəhlizinin ayrılmaz bir parçasıdır".

Rusiya-Azərbaycan arasında münasibətlər ötən ilin dekabrında AZAL təyyarəsinin qəza enişindən sonra pisləşib və bu ilin iyununda Yekaterinburqda etnik azərbaycanlılara qarşı keçirilən əməliyyatlardan sonra daha da pisləşib.

Ərəstun Oruclu

Ərəstun Oruclu

"Diqqəti daxili problemlərdən maksimum yayındırmaq lazımdır"

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, bunun üstünə bir də Ermənistanla sülh prosesinin irəliləməsindən sonra İran və Rusiyadan təhdidlər eşidilir. Əlavə edir ki, əslində bu, təhdidlərdən o tərəfə gedən deyil, Əliyevin ritorikasının əsas səbəbi xarici düşmən obrazının mövcudluğudur: "İlham Əliyevə xarici düşmən obrazı çox vacibdir. İllər boyu onun bütün siyasəti, diqqət etsək, görərik ki, məhz Ermənistanla düşmənçilik mövzusu üzərində qurulub. O zaman səbəb var idi, əvvəl Azərbaycan torpaqlarının işğalı idi. Sonrakı mərhələdə müharibə və müharibənin ardınca "Zəngəzur dəhlizi" ətrafında müzakirələr, Ermənistanın tərksilah olunması və s. kimi iddialarda da bütün bu şeyləri davam etdirirdi, yəni, o düşmən obrazının qorunub saxlanılmasını... İndi bu məsələnin məhz bu şəkildə və Ağ evdə imzalanan ilkin anlaşmanın ardınca gündəmə gəlməsi göstərir ki, burada subyektiv səbəb də var. Subyektiv səbəb, əlbəttə ki, yenə də o xarici düşmən faktorunu qoruyub saxlamaqdır. Azərbaycanda gərgin daxili vəziyyət mövcuddur. İstər sosial-iqtisadi olsun, istər idarəetmə böhranı olsun, istər ictimai-siyasi vəziyyət olsun... Elə bir şərait yaranıb ki, indi diqqəti daxildən maksimal dərəcədə yayındırmaq lazımdır".

Amma bütün bunların fonunda bugünlərdə Həştərxanda görüşən Rusiya və Azərbaycan rəsmiləri iqtisadi əməkdaşlıq üzrə prioritetlər müəyyənləşdiriblər. Prioritetlər sırasında regionda nəqliyyat əlaqələrinin inkişafı üzrə birgə iş, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə sisteminin gücləndirilməsi, enerji sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı və Xəzər dənizində əməkdaşlıq yer alır. İran isə Azərbaycan üzərindən Rusiya qazını tədarükünə hazırlaşdığını açıqlayıb.

 

 

AzadlıqRadiosu