Roma Papası Leo çərşənbə günü dünya ictimaiyyətinə müraciət edərək İsraillə HƏMAS arasında demək olar ki, iki ildir davam edən münaqişəyə son qoymağa çağırıb.
"Reuters"in məlumatına görə, o, daimi atəşkəsin elan olunmasını, Qəzzada saxlanılan girovların azad edilməsini və humanitar yardımın bölgəyə maneəsiz çatdırılmasını tələb edib.
“Bir daha qətiyyətli müraciət edirəm ki, Müqəddəs Torpaqda bu qədər dəhşət, dağıntı və ölümə səbəb olmuş münaqişəyə son qoyulsun,” – deyə Papa Vatikanın həftəlik ümumi audiyasında çıxışı zamanı bildirib.
“Bütün girovların azad edilməsini, daimi atəşkəsin əldə olunmasını, humanitar yardımın təhlükəsiz şəkildə bölgəyə çatdırılmasını və beynəlxalq humanitar hüquqa tam əməl olunmasını xahiş edirəm,” – o əlavə edib.
Papa Leo İsrailin və ya HƏMAS-ın adını çəkməsə də, beynəlxalq hüququn əsas prinsipləri - mülki şəxslərin qorunması öhdəliyi, kollektiv cəzanın qadağan olunması, silahlı gücün ayrı-seçkiliklə tətbiq edilməməsi və əhalinin zorla köçürülməsinin yolverilməzliyinə diqqət çəkib:
May ayında mərhum Papa Fransisi əvəzləyərək seçilən və ABŞ-dən olan ilk papa kimi tarixə düşən Leo sələfindən fərqli üslub sərgiləyir. O, daha çox əvvəlcədən hazırlanmış çıxışlara üstünlük verir və nadir hallarda improvizə edir.
İsrail-HƏMAS müharibəsinə münasibətdə də Leo daha ehtiyatlı mövqe nümayiş etdirib. Papa Fransis isə daha əvvəl İsrailin Qəzzadakı hərbi əməliyyatlarının “soyqırım olub-olmadığını” beynəlxalq ictimaiyyət araşdırmasını təklif etmiş, bu isə israilli rəsmilərin kəskin reaksiyasına səbəb olmuşdu.
Papa Leo bundan öncə də İsraildən Qəzzaya daha çox humanitar yardım buraxılmasını istəmişdi.
Münaqişə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubuna hücumu ilə başlayıb. Həmin hücum zamanı 1200 nəfər, əsasən mülki şəxslər öldürülüb, 251 nəfər isə girov götürülüb. İsrailin cavab hərbi əməliyyatları nəticəsində isə Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək əksəriyyəti mülki şəxs olan ən azı 62 min fələstinli həyatını itirib.
Roma Papası İsraillə HƏMAS arasında davam edən münaqişəyə son qoymağa çağırıb