Qələbə mütləqdir. 1-ci hissə

Dünən sürətlə atılan addımlar bu gün tam hücum vəziyyətinə çevrilib. Sanki növbəti mərhələyə keçid üçün bütün qüvvələr son zərbələrini endirməyə hazırdır. Bu prosesdə ən kiçik element belə faydalı sayıla biləcəyi üçün müxtəlif hədəflərdə eyni səhnə təkrar olunur.

Hakim dairələrin qəti şəkildə rədd etdiyi ölkənin anti-islam hərəkatı ssenariləşdirilmiş oyunlarla şiə əqidəsini hədəfə almaqda davam edir. Müxtəlif planların zamanla uğursuzluğa düçar olması nəticəsində indi yeni təzyiq və qorxu mexanizmləri işə salınaraq dini düşüncə cəmiyyətdə öz məcrasından çıxarılmaq istenir.

Başlanğıcda inanclıların şərlənməsi ilə sürət qazanan bu “oyun”un mahiyyəti tək bir həqiqəti göstərir: sekulyarlaşmanın qarşısını alan yeganə qüvvə – şiə əqidəsi – bu xalqın milli kimliyindən uzaqlaşdırılmaq planına sinə gərir.

Şiə inancı İmamət xəttinə bağlanan dinin əsas sipəridir. İmamət anlayışı isə İslam Peyğəmbərindən (s) sonra ümməti onunla bağlayan ən mühüm körpüdür. Bu körpünün qırılması üçün çəkilən bütün planlar əslində dinin əsaslarını bidətlərlə dəyişdirməyə hesablanmışdı. Peyğəmbərin (s) vəfatı ilə ona bağlı bağlar qoparılmalı, dinlə əlaqəsi olmayan şəxslər müqəddəsləşdirilməli, nəticədə İslam istənilən formalara salınmalı idi. Lakin şiəlik bu oyunu ifşa etdi.

İlk addım Peyğəmbəri (s) ümmətə bağlayan sünnəni hədəfə almaq oldu. Hələ Allah Rəsulunun (s) kəfəni soyumamış, onun hədislərinin toplanmasına qərar verildi. Bu isə cəmiyyətə “sünnənin qorunması və tətbiqi” kimi təqdim edilərək insanların böyük marağına səbəb oldu. Nəticədə saysız-hesabsız hədislər qələmə alındı.

Ardınca planın ikinci mərhələsi icra edildi: toplanan hədislər yandırıldı, yeni hədis yazmağa cəhd edənlərə isə sərt cəzalar tətbiq edildi. Əslində hədis yazmaq tam qadağan edilmədi, sadəcə müəyyən şəxslərin diktəsi ilə təhrif olunmuş hədislər Əbu Hureyrə kimi ravilərin qələmi ilə yayılaraq Peyğəmbərə (s) nisbət verilməyə başlandı.

Bu iş tamamlanmamış, “müqəddəs adlar” uydurularaq İslam dünyasına yeni “söz sahibləri” təqdim edildi. Beləcə, bir çox hədis ravisinin kimliyi və etibarlılığı ciddi şübhə altına düşdü.

Bəllidir ki, belə bir şəraitdə imperiyalar quran Müaviyələr, qumarbaz Yəzidlər İslam adından hökmranlıq etmək və dini düşüncəyə rəhbərlik etmək fürsəti qazanacaqdılar. Əgər Allahın iradəsi ilə həqiqi din qoruyucuları bu xaosun qarşısını almasaydılar, dinin taleyi təhlükə altına düşərdi.

Aydın məsələdir ki, bu oyunlara cavab yalnız Rəsulullahla (s) birgə yaşamış, onun hər addımını müşahidə etmiş, söz və əməllərinə ən yaxın şahid olmuş şəxslərdən gələ bilərdi. Bu isə Peyğəmbərin (s) Əhli-beyti (ə) idi.

 

 

1-ci hissənin sonu.