Azərbaycan Xalq Çəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərmili İmişli hadisələrinə münasibət bildirib.
Onun fikrincə, baş verənlər ölkə başçısı İlham Əliyevə xəbərdarlıqdır:
“İnsanları bu qədər hiddətləndirən və onların etirazına səbəb illərlə davam edən məmur özbaşınalığına, polis qəddarlığına, hüquqsuzluğa etiraz idi. İnsanlar başa düşür ki, məktəblilərin ölümünə səbəb olan hadisə sadəcə, bir DYP əməkdaşının cinayətinin nəticəsi yox, ölkədəki cəzasızlıq mühitinin, “polis, məmur, vəzifəli şəxs həmişə haqlıdır” siyasətinin nəticəsidir. İmişlidə insanlar əslində İlham Əliyevin “mən nə qədər buradayam, polis məsuliyyətə cəlb olunmayacaq” siyasətinə etiraz edirdilər”.
“Əlbəttə, onlar bunu düşünülmüş şəkildə etmirdilər. Onlar mələk kimi saf, günahsız uşaqların həyatının bir göz qırpımında puç edilməsinə səmimi şəkildə acıqlanmışdılar. O məqamda siyasət də, siyasi mesaj vermək də heç onların yadına düşmürdü. Ancaq illər uzunu rastlaşdıqları haqsızlıq və hüquqsuzluqlara etiraz heç özləri də bilmədən insanların şüuraltında toplanmışdı. Ona görə də insanlar bir araya gələn kimi qeyri-ixtiyari “istefa” şüarı səsləndirdilər”, - Əli Kərimli deyir.
O hesab edir ki, “istefa” şüarı yol polisinə, ya da hansısa məmura yox, birbaşa İlham Əliyevə yönəlib:
“Gədəbəydə yaşlı qadının üzünə zəhərli qaz sıxan polis haqqında “polis ləyaqətli davrandı” deyən İlham Əliyevə, xalqın istefa şüarı 100 milyonlarla, milyardlarla manatlıq dövlət əmlakını talan etmiş “iribuynuzlu” korrupsionerlərin ədalətli cəzadan yayınmasına, belələrinin azadlıqda gəzməsinə, lap uzağı şərti cəza və ya ev dustaqlığı ilə canını qurtarmasına şərait yaradan, əksinə ölkənin dürüst, ləyaqətli, vətənpərvər insanlarını şərlədib həbs etdirən antixalq rejimə və bu rejimin başında duran İlham Əliyevə yönəlmişdi”.
MeydanTV
AXCP sədri Əli Kərmili İmişli hadisələrinə münasibət bildirib