BMT-nin Baş katibi: Yanvarın 27-dək İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına nail olacam

İsrail qoşunlarının çıxarılması və sərhəddə Livan ordusunun yerləşdirilməsi sülhün yeni səhifəsini açmağa imkan verəcək.

Bunu Beyrutda respublika Prezidenti Cozef Aun ilə danışıqlar aparan BMT-nin Baş katibi Antonio Quterriş bildirib.

"Biz atəşkəs razılaşmasında nəzərdə tutulmuş müddətdə - yanvarın 27-dək İsrail qoşunlarının Cənubi Livandan təhlükəsiz çıxarılmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik", - deyən Quterriş beynəlxalq ictimaiyyəti Livana hər cür dəstək göstərmək üçün səfərbər etməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi prezident Aunu respublika başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik etdiyini və ciddi zərər çəkmiş Livan xalqı ilə həmrəylik ifadə etdiyini bildirib. Onun sözlərinə görə, respublikanın gələcək hökuməti dövlət institutlarını gücləndirmək və ölkənin dirçəlməsi ilə məşğul olmaq üçün unikal şansa malikdir.

"İnanıram ki, livanlılar ölkəni yenidən Yaxın Şərqin həyati vacib mərkəzinə çevirə biləcəklər", - Quterriş vurğulayıb.

 

Report