1 ay ərzində dövlət qurumları 2 milyonluq yeni avtomobillər alıb

2024-cü ilin son 1 ayında dövlət qurumları 2 milyon manatlıq avtomobillər alıblar.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) 4 sedan tipli avtomobilin alınması üçün tender elan edib. Tenderin qalibi “Lexus-Bakı” MMC olub, şirkətlə 448 min 800 manatlıq müqavilə imzalanıb.

AQTİ 3 “Hibrid mühərrikli avtomobil alınması üçün tender elan edib. Qalib şirkət “Toyota Abşeron Mərkəzi” olub. Şirkətlə 206 700 manatlıq müqavilə bağlanıb. Beləliklə, AQTİ 1 ayda ümumi 7 avtomobil alıb və 655 min 500 manat xərcləyib.

Bahalı avtomobil alan digər qurum İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğudur. İdarə “Toyota Abşeron Center”dən 233 100 manatlıq “Toyota” (Camry) alıb. Satınalma “Bir mənbə” metodu kimi qeyd olunub. Tenderin hansı şərtlərlə keçirildiyi, nə qədər avtomobil sifariş edildiyi gizlidir.

“Dövlət satınalmaları haqqında” Qanunda qeyd (44-cü maddə) olunur ki, qiymət 100 000 manat və ondan çoxdursa, satınalmalar açıq tender və ya ikimərhələli tender metodu ilə keçirilir. Qiymət 100 000 manatdan azdırsa, satınalma kotirovka metodu ilə keçirilə bilər. Bu şirkət isə 200 min manatdan artıq müqavilə imzalayıb, tender keçirib.

DOST Agentliyi sedan tipli avtomobillərin alınması üçün tender keçirib, qalib şirkət yenə “Toyota Abşeron Mərkəzi” olub. Şirkətdən 82 min 600 manatlıq 2 avtomobil alınıb.

DOST dekabrın 25-i 4 minivan üçün tender keçirib. Qalib şirkətə (“Autouniversal”) 169 600 manat ödənilib.

Ədliyyə Nazirliyi satınalma portalından kənar tender keçirib və “Toyota RAV4 HYBRID” avtomobili alıb. Qalib şirkət olan “Toyota Bakı Mərkəzi” üçün tenderə 60 min manat ödənilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “”Toyota Camry 2.5H” almaq üçün tenderə yekun vurub, “Toyota Bakı Mərkəzi”nə 82 min 450 manat ödənilib.

Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün sedan tipli xidməti minik avtomobillərinin alınması üzrə tender keçirilib və 14 avtomobil alınıb. “Toyota Abşeron Mərkəzi”nə 567 min manat ödənilib.

Gənclər Fondu “Toyota Camry Hybrid Premium HEV” almaq üçün tender keçirib. “Toyota Abşeron Mərkəzi”nə 78 100 manat ödənilib.

 

MeydanTV